Anthropic AI modellərini Accenture ekspertlərinə müstəqil yoxlatdıracaq
Süni İntellekt
20.09.2026
“Anthropic” süni intellekt modellərinin təhlükəsizlik qaydalarına əməl edib-etmədiyini müstəqil yoxlamaq üçün “Accenture” ilə əməkdaşlığa başlayıb. Məsləhət şirkətinin mütəxəssisləri kənar qiymətləndirici kimi birbaşa “Anthropic” daxilində işləyəcəklər. Tərəflərin hər biri qarşıdakı 5 ildə bu işə ən azı 1 milyard dollar (təxminən 1,7 milyard manat) yatıracaq.
Əməkdaşlıq “Anthropic”in baş direktoru Dario Amodeinin süni intellektin inkişaf sürətini azaltmaq üçün hazırladığı 3 mərhələli planın ilk addımlarından biridir. Plana görə, ən güclü süni intellekt modellərini hazırlayan şirkətlər daimi kənar nəzarətdə olmalıdır. Qiymətləndiricilər şirkət işçilərinə verilənə yaxın çıxış hüququ almalı, təhlükəsizlik öhdəliklərinin yerinə yetirilməsini yoxlamalı və baş verə biləcək problemləri qeydə almalıdırlar.
“Accenture” mütəxəssisləri modellərin təlim zamanı necə formalaşdığını izləyəcəklər. Onlar modellərin hazırlanması və istifadəsinə başlanması ilə bağlı qərarları araşdıracaq, həmçinin “Anthropic” əməkdaşları ilə birbaşa danışacaqlar. Yoxlamalarda modellərin insanların məqsədlərinə və təhlükəsizlik tələblərinə uyğun olub-olmadığına da baxılacaq.
“Anthropic”in “Accenture”i seçməsinin əsas səbəbi şirkətin müxtəlif sahələrdəki bizneslərə və dövlət qurumlarına süni intellekti tətbiq etməkdə kömək etməsidir. “Anthropic”ə görə, korporativ müştərilərin süni intellekt sistemlərindən necə yararlandığını bilmək qiymətləndirməyə fərqli baxış qatacaq. Lakin şirkət daxilində işləyən müstəqil qiymətləndirici modeli yenidir və bunun üçün hələ vahid standartlar yoxdur.
Yoxlamada konkret nələrə baxılacağı, qiymətləndiricilərə hansı səviyyədə çıxış veriləcəyi və narahatlıqların necə çatdırılacağı hələ dəqiqləşməyib. “Anthropic” modellərini yalnız “Accenture”ə yoxlatmaq fikrində deyil. Şirkət yaxın həftələrdə digər qiymətləndiricilərin adlarını da açıqlayacaq. “Accenture” eyni xidməti başqa süni intellekt şirkətlərinə də göstərə biləcək.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...