Anthropic AI tətbiqi üçün 1,5 milyard dollarlıq yeni şirkət yaratdı
Süni İntellekt
15.07.2026
Sevinj
Süni intellekt sahəsində rəqabət artıq təkcə daha güclü modellər hazırlamaqdan ibarət deyil. Şirkətlər indi müəssisələrin bu texnologiyaları real iş proseslərinə necə inteqrasiya edəcəyinə də böyük sərmayələr yatırırlar. Məhz bu məqsədlə Anthropic, Blackstone, Hellman & Friedman, Goldman Sachs və digər investorların iştirakı ilə Ode adlı yeni şirkət yaradılıb.
1,5 milyard dollar dəyərində qiymətləndirilən Ode şirkətinin əsas məqsədi iri müəssisələrə süni intellekti gündəlik iş proseslərinə tətbiq etmək, xüsusi AI həlləri hazırlamaq və şirkətlərin transformasiyasını sürətləndirməkdir. Layihənin əsasında əvvəllər OpenAI ilə əməkdaşlıq etmiş Fractional AI startapı dayanır. Birgə müəssisə yaradıldıqdan qısa müddət sonra bu startap satın alınıb və Ode-un təməli məhz onun üzərində qurulub.
Şirkətin baş direktoru və Fractional AI-nin həmtəsisçisi Chris Taylor hesab edir ki, AI tətbiqi bazarı gələcəkdə trilyon dollarlıq sənayeyə çevrilə bilər. Hazırda Ode-da 100-dən çox mühəndis çalışır. Komanda Anthropic-in tətbiqi AI mütəxəssisləri ilə birlikdə müxtəlif şirkətlərin fəaliyyətini analiz edir, onların biznes proseslərinə uyğun fərdi AI sistemləri hazırlayır və bu sistemləri tətbiq edir. Anthropic-in daxili komandası isə daha çox strateji layihələrə fokuslanacaq. Ode isə yalnız Anthropic-in tərəfdaşlarına xidmət göstərməyəcək, digər şirkətlərlə də əməkdaşlıq edə biləcək.
Paylaş