Anthropic-in illik gəlir tempi 65 milyard dolları ötüb
Süni İntellekt
18.08.2026
Sevinj
Süni intellekt bazarında sürətlə böyüyən Anthropic şirkətinin gəlirləri rekord templə artmağa davam edir. Şirkətin illik gəlir göstəricisi iyulun sonunda 65 milyard dolları ötüb. Bloomberg-in məlumatına görə, Anthropic-in gəlir tempi may ayında 47 milyard dollar, 2025-ci ilin sonunda isə cəmi 9 milyard dollar səviyyəsində idi. Beləliklə, şirkətin gəlir tempi yeddi ay ərzində 7 dəfədən çox artıb. Burada söhbət Anthropic-in artıq bir il ərzində 65 milyard dollar gəlir əldə etməsindən getmir. 65 milyard dollar illikləşdirilmiş gəlir tempidir, yəni şirkətin son dövrdəki gəlir səviyyəsinin 12 ay davam edəcəyi fərz edilərək hesablanan göstəricidir.
Financial Times-ın məlumatına görə, Anthropic investorları hazırkı artım tempinin ilin qalan hissəsində də davam edəcəyini gözləyirlər. Bu halda şirkət 2026-cı ili 100–120 milyard dollarlıq illikləşdirilmiş gəlir tempi ilə başa vura bilər. Anthropic-in əsas rəqibi OpenAI da sürətlə böyüyür. Bloomberg-in ötən həftə yaydığı məlumata əsasən, OpenAI-ın gəlir göstəricisi 2025-ci ilin sonundakı 20 milyard dollardan 40 milyard dollara yüksəlib. Bununla belə, şirkətlərin gəlir göstəricilərini hesablama metodlarının fərqli ola biləcəyi qeyd edilir.
Hazırda investorların diqqətini xüsusilə Anthropic-in böyümə sürəti çəkir. Həm Anthropic, həm də OpenAI birjaya çıxmaq üçün məxfi IPO sənədləri təqdim edib. Gözləntilərə görə, Anthropic OpenAI-dan əvvəl, hətta 2026-cı ilin payızında birjaya çıxa bilər.
Paylaş