Anthropic istifadə limitləri ilə bağlı məhkəməyə verildi
Süni İntellekt
16.06.2026
Sevinj
Anthropic Claude Max abunə paketlərində vəd etdiyi istifadə limitləri ilə bağlı ABŞ-də məhkəməyə verilib. İddiada şirkətin istifadəçilərə təqdim etdiyi limitlərin reallıqda reklam ediləndən xeyli aşağı olduğu bildirilir. Vaşinqton sakini Karl Kahn tərəfindən qaldırılan federal iddiaya əsasən, Anthropic-in aylıq 100 dollarlıq Claude Max 5x və 200 dollarlıq Claude Max 20x paketləri istifadəçilərə vəd edilən qədər imkan təqdim etmir. İddiaçı bildirir ki, xüsusilə Claude Code xidmətindən istifadə zamanı limitlər çox tez tükənir və faktiki istifadə həcmini əvvəlcədən müəyyən etmək mümkün olmur.
Anthropic hazırda fərdi istifadəçilər üçün üç ödənişli plan təklif edir. Şirkətin açıqlamasına görə, Pro paketi pulsuz versiya ilə müqayisədə ən azı beş dəfə çox istifadə imkanı yaradır, Max 5x və Max 20x paketləri isə bu limiti müvafiq olaraq daha da artırır. Lakin şirkət eyni zamanda bildirir ki, istifadə sayı sorğuların uzunluğu, əlavə olunan fayllar, söhbətin həcmi və istifadə olunan modeldən asılı olaraq dəyişə bilər. Karl Kahn iddia edir ki, Max 20x paketinə keçdikdən sonra cəmi beş saatlıq intensiv istifadə onun həftəlik limitinin təxminən 15 faizini tükədib. O hesab edir ki, bu vəziyyət Anthropic-in reklam etdiyi imkanlarla üst-üstə düşmür.
Məhkəmə iddiası təkcə Kahn üçün deyil, Anthropic-in Max paketlərini istifadəyə verdiyi vaxtdan bəri bu xidmətə abunə olmuş digər ABŞ istifadəçilərini də əhatə edən kollektiv iddia (class action) statusu almağa çalışır. Şirkət məsələ ilə bağlı hələlik rəsmi şərh verməyib.
Paylaş