Anthropic OpenAI və Google-un istifadə etdiyi Stainless startapını satın aldı
Süni İntellekt
19.05.2026
Sevinj
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Anthropic-in OpenAI, Google və Cloudflare kimi texnologiya nəhənglərinin istifadə etdiyi proqram təminatı alətləri hazırlayan Stainless startapını satın aldığı açıqlanıb. Maliyyə detalları açıqlanmasa da, daha əvvəl yayılan məlumatlara görə sövdələşmənin dəyəri 300 milyon dollardan çox ola bilər. Stainless əvvəllər Sequoia Capital və Andreessen Horowitz kimi iri investorlar tərəfindən maliyyələşdirilib.
2022-ci ildə keçmiş Stripe mühəndisi Aleks Rattray tərəfindən qurulan Stainless API-lər üçün SDK (Software Development Kit) yaradılması və idarə edilməsini avtomatlaşdıran həlləri ilə tanınırdı. Şirkətin texnologiyası API spesifikasiyalarını avtomatik şəkildə Python, TypeScript, Kotlin, Go və Java kimi proqramlaşdırma dilləri üçün hazır SDK-lara çevirə bilirdi. Bu sistemin əsas üstünlüyü isə API-lərdə dəyişiklik olduqda SDK-ların avtomatik yenilənməsi idi. Beləliklə, şirkətlər manual yeniləmə və texniki dəstək işlərinə daha az vaxt sərf edirdilər.
Stainless həllərindən OpenAI, Google, Replicate, Runway, Cloudflare və Anthropic daxil olmaqla bir çox AI şirkəti istifadə edirdi. Bununla belə, satınalmadan sonra vəziyyət dəyişəcək. Anthropic bildirib ki, şirkət Stainless-in bütün host olunan məhsullarını, o cümlədən SDK generator xidmətini mərhələli şəkildə dayandıracaq. Bu isə o deməkdir ki, əvvəllər bir çox AI şirkətinin istifadə etdiyi mühüm infrastruktur aləti artıq yalnız Anthropic ekosisteminə xidmət edəcək və rəqiblər üçün əlçatan olmayacaq. Anthropic həmçinin qeyd edib ki, Stainless texnologiyası şirkətin rəsmi SDK-larının yaradılmasında ilk günlərdən istifadə olunub. Stainless-in qurucusu Aleks Rattray isə açıqlamasında bildirib ki, məqsədləri həmişə API-lər qədər keyfiyyətli SDK-lar yaratmaq olub və Claude ekosistemində inkişaf etdirilən layihələr onların Anthropic ilə birləşməsini asan qərara çevirib.
Paylaş