Anthropic şirkətində proqram təminatı kodunun 90%-i süni intellekt tərəfindən tərtib olunur
Süni İntellekt
17.10.2025
Emil
Anthropic şirkətinin rəhbəri Dario Amodei, Salesforce şirkətinin baş direktoru Marc Benioff ilə illik Dreamforce konfransındakı söhbət zamanı bildirib ki, baxmayaraq ki, Claude süni intellekt modeli artıq şirkətin əksər komandaları üçün kodun 90%-ə qədərini yaradır, insan faktoru hələ də zəruridir. Amodei deyib: “Bir dəfə proqnozlaşdırmışdım ki, 6 ay ərzində kodun 90%-ni süni intellekt modelləri yazacaq. Bəziləri bunu şişirtmə hesab edir, lakin Anthropic və əməkdaşlıq etdiyimiz bir sıra şirkətlər üçün bu artıq reallıqdır”. Benioff maraqlanıb ki, süni intellektin iştirakı nə vaxt daha da artacaq və bu, şirkətlərdə mühəndislərin sayının azalması deməkdirmi. Amodei cavabında bildirib ki, Claude modelinin funksionallıq yaratmaq və mürəkkəb xətaları aradan qaldırmaq imkanlarını səhv başa düşmək olmaz.
“Əgər Claude kodun 90%-ni yazırsa, bu o demək deyil ki, daha az proqramçıya ehtiyac var. Əksinə, indi onlara daha çox ehtiyac yarana bilər - çünki artıq daha çox iş görə bilirlər. Onlar ən çətin 10%-ə - redaktə, mürəkkəb məntiq və ya süni intellekt modelləri qrupunun idarə edilməsinə fokuslanırlar. Nəticədə məhsuldarlıq 10 dəfə artır” - deyə o, izah edib. Amodei-nin sözlərinə görə, söhbət insanları əvəz etməkdən yox, rolların yenidən bölüşdürülməsindən gedir. Anthropic süni intellekti proqramlaşdırmada fəal şəkildə tətbiq edən yeganə şirkət deyil. Mart ayında Y Combinator akseleratorunun prezidenti və baş direktoru Garry Tan sosial şəbəkə X-də bildirib ki, 2025-ci ilin qış mərhələsinin startap təsisçilərinin təxminən 1/4-i öz kodlarının 95%-ə qədərini süni intellektin köməyi ilə yaradır.
Bu arada, Stenford Universiteti tərəfindən aparılmış tədqiqat göstərib ki, proqramlaşdırma üçün süni intellekt alətlərinin məşhurluğunun artması artıq əmək bazarına təsir edir: proqramçılar üçün başlanğıc səviyyəli vakansiyaların sayı azalır, bu isə gənc mütəxəssisləri uzaqlaşdıra və sahəyə yeni kadr axınını zəiflədə bilər. Tədqiqatçılara görə, 2025-ci ilin iyuluna qədər 22-25 yaş arası proqramçıların məşğulluq səviyyəsi 2022-ci ilin sonundakı pik dövrlə müqayisədə demək olar ki, 20% azalıb - bu da ChatGPT-nin istifadəyə verildiyi dövrə təsadüf edir. Eyni zamanda, tədqiqatın məlumatlarına əsasən, daha təcrübəli mütəxəssislər bu cür alətlərin təsirinə xeyli dərəcədə az məruz qalırlar.
Paylaş