Apple-dan OpenAI-a yeni ittiham
Süni İntellekt
04.08.2026
Sevinj
Apple ilə OpenAI arasında ticarət sirləri ilə bağlı hüquqi mübahisə daha da dərinləşib. Şirkət məhkəmədən OpenAI-ın Apple texnologiyalarına əsaslanan süni intellekt cihazı və ya digər məhsullar üzərində işini müvəqqəti dayandıracaq ilkin qadağa qərarı (preliminary injunction) çıxarmağı xahiş edib. Apple məhkəməyə təqdim etdiyi yeni sənədlərdə OpenAI-ın Baş Avadanlıq Direktoru (Chief Hardware Officer) Tang Yew Tan, mühəndis Chang Liu, OpenAI, onun fondu və Jony Ive tərəfindən həmtəsis edilmiş io startapı ilə bağlı sürətləndirilmiş sübut toplama prosesinə icazə verilməsini istəyib.
Şirkətin bildirdiyinə görə, araşdırma zamanı əvvəllər adı çəkilən şəxslərlə yanaşı, daha 11 keçmiş Apple əməkdaşının da iş üzrə şahid və ya hadisələrlə əlaqəli ola biləcəyi müəyyən edilib. Apple iddia edir ki, bu, məxfi məlumatların oğurlanmasının əvvəl düşünüldüyündən daha geniş miqyasda baş vermiş ola biləcəyini göstərir. Məhkəmə sənədlərində qeyd olunur ki, keçmiş Apple əməkdaşlarından biri OpenAI-da iş müsahibəsindən əvvəl Chang Liu və Yu-Ting Peng ilə görüşərək hələ təqdim olunmamış Apple məhsulları haqqında məxfi məlumatları müzakirə edib. Başqa bir keçmiş əməkdaşın isə OpenAI-da iş müsahibəsinə getməzdən əvvəl elan olunmamış Apple məhsulu ilə bağlı məxfi sənədlərin ekran görüntülərini saxladığı iddia olunur.
Apple həmçinin bildirir ki, şirkət məhkəməyə müraciət etdikdən sonra hazırda OpenAI-da çalışan bir neçə keçmiş Apple əməkdaşı uzun müddət özlərində saxladıqları Apple-a məxsus iş cihazlarını geri qaytarmaq üçün şirkətlə əlaqə saxlayıb. Apple bunu da araşdırmanın əhatə dairəsini genişləndirən məqam kimi qiymətləndirir.
Paylaş
