Logo
    main-post-cover

    Apple Intelligence Çində qısa müddətlik ortaya çıxıb

        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple Intelligence ABŞ-də təqdim edilməsindən təxminən bir il yarım sonra Çində ilk dəfə çox qısa müddətlik istifadəyə verilib və daha sonra dərhal geri çəkilib.
        Sosial şəbəkələrdə yayılan məlumatlara görə, tanınmış sızıntı mənbəyi L0vetodream tərəfindən paylaşılan görüntülərdə Apple Intelligence funksiyasının Çində aktiv olduğu görünürdü. Paylaşılan ekran görüntülərində “Apple Intelligence & Siri” bölməsinin digər ölkələrdəki ilə eyni interfeysə sahib olduğu diqqət çəkirdi. Lakin bu aktivlik çox qısa çəkib. Apple tərəfindən rəsmi açıqlama verilməyib və funksiyanın şirkətin Çinə aid rəsmi platformalarında heç bir tanıtımı aparılmayıb. Bu da göstərir ki, funksiya hələ rəsmi şəkildə istifadəyə buraxılmayıb.
        Məlumata görə, bu qısa müddətli aktivlik iOS 26.5-in ilk developer beta versiyası ilə əlaqəli ola bilər. Bu isə o deməkdir ki, Apple Intelligence-in Çində rəsmi təqdimatı yalnız sistemin tam versiyası yayımlandıqdan sonra baş tuta bilər.
        Əsas problemlərdən biri isə tənzimləyici maneələrdir. Çində süni intellekt texnologiyalarının istifadəsi ciddi qaydalarla idarə olunur və Apple bu qaydalara uyğunlaşmaq üçün yerli texnologiya şirkətləri ilə əməkdaşlıq etməyə çalışır. Bu çərçivədə Baidu və Alibaba kimi şirkətlərin adı hallanır. Hətta bəzi iddialara görə, Baidu-nun “Wenxin Yiyan” modeli bu sistemdə istifadə oluna bilər.
    Paylaş