Apple və Google mağazalarında onlarla “nudify” AI tətbiqi hələ də aktivdir
Süni İntellekt
28.01.2026
Ilhama
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Apple və Google-un tətbiq mağazalarında süni intellektlə çalışan və insanların razılığı olmadan saxta görüntülər yaradan (“nudify”) onlarla tətbiqin hələ də mövcud olduğu bildirilir. Tech Transparency Project (TTP) adlı onlayn hüquq-müdafiə təşkilatının apardığı son araşdırmaya görə, Google Play Store-da bu tip 55, Apple App Store-da isə 47 tətbiq aşkar edilib. Halbuki bu cür tətbiqlər hər iki platformanın qaydalarına birbaşa ziddir.
Hesabatda qeyd olunur ki, bu tətbiqlər insanların fotolarını süni intellekt vasitəsilə qeyri-real görüntülərə çevirə bilir. TTP-nin icraçı direktoru Mişel Küppersmit bildirib ki, Apple və Google tətbiqləri ciddi şəkildə yoxlamalı olduğu halda, bu proqramlar sui-istifadə üçün açıq qalır. Araşdırmaya əsasən, sözügedən tətbiqlər indiyədək 700 milyondan çox yükləmə əldə edib və 117 milyon dollardan artıq gəlir qazandırıb. Bu gəlirin bir hissəsi isə birbaşa Apple və Google-a çatır.
Daha narahatedici məqam odur ki, bəzi “nudify” tətbiqləri yeniyetmələr və hətta uşaqlar üçün uyğun kimi qiymətləndirilib. Məsələn, DreamFace adlı tətbiq Google Play-də 13+, Apple App Store-da isə 9+ yaş kateqoriyası ilə təqdim olunur. Məsələyə münasibət bildirən Apple CNBC-yə açıqlamasında 24 tətbiqi mağazadan sildiyini deyib. Lakin bu rəqəm TTP-nin aşkar etdiyi 47 tətbiqdən xeyli azdır. Google isə bir neçə tətbiqin qaydaları pozduğuna görə dayandırıldığını təsdiqləsə də, dəqiq say açıqlamayıb.
Paylaş