main-post-cover

    Astronavtların 2024-cü ildə Artemis missiyası çərçivəsində Aya geri qayıtmaları şansı azalır

    Süni İntellekt
    12.11.2020
    Emil Nəcəfov
        ABŞ senatının qəbul etdiyi yeni qanun layihəsinə əsasən NASA agentliyi Artemis missiyası üçün dövlət büdcəsindən yalnız kiçik maliyyələşdirməni əldə edəcək. Belə ki, Artemis missiyası üçün tələb olunan 3.2 milyard dollar vəsaitin yalnız 1 milyard dolları veriləcək. Bu isə astronavtların Artemis missiyası çərçivəsində 2024-cü ildə Aya geri qayıtmaları şansını azaldır. Bu barədə Hightech.plus saytı xəbər verib. 2021-ci maliyyə ili üçün təqdim edilmiş sənədlərə əsasən ABŞ senatı Artemis missiyasının maliyyələşdirilməsini azaltmağı nəzərdə tutub.

    Qeyd etmək lazımdır ki, bu missiyanın əsas məqsədi insanların Aya qayıtmaları və orda daimi Ay bazasının yaradılmasıdır.

        Yaxın aylarda konqresmenlər yeni qanun layihəsini ABŞ-ın təmsilçilər palatası ilə birlikdə müzakirə edəcəklər. Əgər yeni qanun layihəsi təsdiqlənsə, NASA agentliyi bütün layihələri üçün 23.495 milyard dollar vəsait əldə edəcək. Bu isə agentliyin 2021-ci il üçün tələb etdiyi maliyyələşdirmədən 1.75 milyard dollar azdır. Maliyyələşdirilmənin məhdudlaşdırılması daha çox Artemis missiyasını əhatə edəcək. Belə ki, NASA agentliyinə bu layihə üçün 3.2 milyard dollar vəsait lazımdır. Həmin vəsaitlər isə Ay səthinə bir və ya bir neçə eniş modullarının hazırlanmasına sərf olunacaqdı.

    Yeni qanun layihəsinə əsasən ABŞ senatı bunun üçün 1 milyard dollar vəsait ayırıb.

        Baxmayaraq ki, ABŞ hökuməti amerikalı astronavtların Aya geri qayıtmaları missiyasını dəstəkləyir, ən böyük risklər ilə xərclər hələ təyin edilməmiş eniş elementlərinin hazırlanması ilə bağlıdır. Bu isə öz növbəsində Ay missiyasının qrafikini təhlükə altına atır. Hələ sentyabr ayında NASA direktoru qeyd etmişdi ki, Artemis missiyasının reallaşdırılması üçün agentlik 2021-ci il-də bu layihəyə 3.2 milyard dollar vəsait yatırmalıdır. Əgər Artemis missiyasının maliyyələşdirilməsi məhdudlaşdırılsa, çətin ki, astronavtlar 2024-cü ildə Aya geri qayıda biləcəklər. Seçkiqabağı kampaniyası çərçivəsində Joe Biden, Donald Trump-dan fərqli olaraq kosmosa daha az diqqət ayıraraq əsas fikrini ABŞ qarşısında duran real problemlərə yönəltmişdi.
    Linki kopyala