Avropa İttifaqında AI məzmunu üçün yeni qaydalar qüvvəyə minib
Süni İntellekt
04.08.2026
Sevinj
Avropa İttifaqında süni intellektlə hazırlanan məzmunun daha aydın şəkildə tanınmasını təmin edəcək yeni şəffaflıq qaydaları qüvvəyə minib. Avqustun 2-dən etibarən tətbiq olunan və artıq icrası məcburi olan bu qaydalar Aİ-nin Süni İntellekt Aktının (AI Act) 50-ci maddəsi çərçivəsində həyata keçirilir. Yeni qaydalara əsasən, istifadəçilər süni intellektlə qarşılıqlı əlaqədə olduqlarını və ya qarşılarına çıxan məzmunun AI tərəfindən yaradıldığını açıq şəkildə görə bilməlidirlər. Avropa Komissiyası bildirir ki, məqsəd insanların qarşılaşdıqları məlumatın mənşəyini anlamasını təmin etmək, dezinformasiyanın və aldadıcı məzmunun qarşısını almaqdır.
Qaydalara görə, süni intellekt insan görünüşünü və ya hadisələri real kimi təqdim edən şəkil, video və ya audio (deepfake) məzmunun hazırlanmasında iştirak edibsə, həmin material "AI" işarəsi ilə qeyd edilməlidir. Əgər məzmun tamamilə süni intellekt tərəfindən yaradılıbsa, o zaman "AI-Generated" ("Süni intellekt tərəfindən yaradılıb") etiketi əlavə olunmalıdır. Bununla yanaşı, insanların emosiyalarını analiz edən və ya biometrik məlumatlarını emal edən süni intellekt sistemləri də istifadəçilərə bu barədə məlumat verməlidir. Avropa Komissiyası vurğulayır ki, süni intellektin mühüm rol oynadığı hər bir halda insanlar bunun fərqində olmalıdır.
Paylaş
