Avropa öz məxfilik və süni intellekt qanunlarını geri çəkir
Süni İntellekt
19.11.2025
Sevinc
Avropa İttifaqı illərdir dünyanın ən böyük texnologiya şirkətlərinə qarşı sərt qaydalar tətbiq etməklə qlobal miqyasda nümunə göstərirdi. Bununla belə, sənaye nəhəngləri və ABŞ hökumətinin artan təzyiqindən sonra Avropa Komissiyası həm GDPR çərçivəsində bəzi qoruyucu maddələri zəiflədir, həm də iqtisadi aktivliyi artırmaq üçün süni intellekt qanunlarında geri addım atır.
Yeni təklif GDPR çərçivəsində bəzi məşhur müddəaları, o cümlədən məşhur “cookie” pəncərələrini sadələşdirir. Eyni zamanda 2024-cü ildən qüvvədə olan, lakin mərhələli şəkildə tətbiq edilən "AI Act" qaydalarının bir hissəsini gecikdirir. Xüsusilə də, sağlamlıq, təhlükəsizlik və əsas hüquqlar üçün “ciddi risk yaradan” yüksək riskli süni intellekt sistemlərinə dair qaydalar növbəti yay qüvvəyə minməli idi. Yeni dəyişikliklərə görə, bu tələblər yalnız AI şirkətləri üçün lazımi standartlar və dəstək alətləri tam hazır olduqdan sonra tətbiq olunacaq.
Əksər istifadəçilərin ən çox razı qalacağı dəyişikliklərdən biri Avropada bitməyən “cookie” pop-uplarının azalması olacaq. Yeni təklifə əsasən, “risksiz” sayılan bəzi kukilər üçün xəbərdarlıq pəncərələri göstərilməyəcək. Digər kukilər üzrə seçimlər isə birbaşa brauzerin mərkəzi məxfilik idarəetməsindən edilə biləcək. Təklif hazırda Avropa Parlamenti və Aİ-yə üzv 27 dövlət tərəfindən müzakirə olunmalıdır. Qəbul üçün ixtisaslaşdırılmış çoxluq lazımdır və proses aylarla davam edə, həmçinin ciddi dəyişikliklərə səbəb ola bilər.
Paylaş