main-post-cover

    Avropa Parlamenti süni zəka ilə bağlı yeni qanun layihəsini qəbul edib

    Süni İntellekt
    16.06.2023
    Farid Pardashunas
        Avropa Parlamenti süni zəka ilə bağlı qanunu qəbul edib. Qəbul edilmiş bu qanun üz tanınması üçün süni zəka əsaslı proqram təminatlarının istifadəsini məhdudlaşdıracaq. Bununla yanaşı qanun ChatGPT çat-botu kimi süni zəka sistemlərinin tərtibatçılarından bu cür sistemlərin yaradılması zamanı istifadə edilən məlumatlar barəsində daha çox informasiyanın təqdim edilməsini tələb edəcək. Gözləntilərə əsasən sözügedən qanunun yekun versiyası bu ilin sonuna kimi qəbul ediləcək. Yeni qanun ətrafında əsas müzakirə mövzularından biri də üz tanıma sistemlərinin istifadəsi olub. Avropa Parlamenti real zaman ərzində bu cür sistemlərin istifadəsinin qadağan olunmasının lehinə səs verib. Lakin bu mövzuda milli təhlükəsizlik və digər hüquq-mühafizə məqsədləri üçün istisnaların edilməsi barəsində suallar yaranıb.
        Yeni qanunun bir hissəsi həmçinin süni zəka üçün məlumatlar bazasının yaradılması məqsədilə böyük şirkətlərə sosial şəbəkələrdən insanların biometrik məlumatlarının yığılmasını da qadağan edir. Avropa Parlamenti üstəlik hüquq-mühafizə orqanlarına və sərhəd xidmətlərinə iş yerlərində və o cümlədən təhsil müəssisələrində emosiyaların təyini texnologiyalarından istifadəni qadağan edib. Böyük riskə sahib süni zəka sistemlərinin təsnifatı genişləndirilib. Siyahıya Avropa Parlamentinin fikrincə sağlamlığa, təhlükəsizliyə, əsas hüquqlara və sosial mühitə ciddi zərər yetirə biləcək və o cümlədən seçicilər ilə seçki nəticələrinə təsir göstərə biləcək süni zəka sistemləri daxil edilib. Kontent məsləhəti alqoritmlərindən istifadə edən böyük sosial şəbəkə platformaları da böyük riskə sahib sistemlər siyahısına daxil edilib.
        Ada Lavleys İnstitutunun direktorunun vəzifə icraçısı olan Francine Bennett bildirib ki, Avropa Birliyi tərəfindən təklif edilmiş qanun layihəsi yeni mərhələdir. “Təbii ki, hətta yeni texnologiyaları yaradan şirkətlərin belə hər şeyin necə davam edəcəyini anlamadıqları bir vaxtda sürətlə inkişaf edən texnologiyaları tənzimləmək çətin məsələdir. Lakin adekvat tənzimləmə prosesinin olmadığı bir vəziyyətdə çalışmaq da bizlər üçün heç də müsbət bir hal olmazdı” - deyə Francine Bennett qeyd edib.
        Bu mövzuya hətta texnoloji sahənin liderləri də təsir göstərməyə çalışırlar. Bir çox qanunvericinin qarşısında çıxış etmiş Sam Altman (OpenAI CEO-su) da süni zəka sahəsinin tənzimlənməsi ilə razıdır. Lakin onun fikrincə Avropa Birliyi tərəfindən təklif edilən qanunu reallaşdırmaq çox çətin olacaq. Avropa Parlamenti tərəfindən qəbul edilmiş yeni qanun layihəsinin yekun versiyası Avropa Birliyi, Avropa Komissiyası Avropa Şurası arasında razılaşdırılacaq. Avropa Birliyi rəsmilərinin sözlərinə əsasən qanun layihəsinin yekun versiyasının bu ilin sonunda təqdim ediləcəyi planlaşdırılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər