
Avropa "süni zəka qitəsi"nə çevrilməyi planlaşdırır
Süni İntellekt
09.04.2025
Emil
Avropa Birliyi rəsmiləri yerli süni zəka sektorunu təşviq etmək və onu ABŞ və Çinlə sərt rəqabət şəraitində gücləndirmək məqsədilə bir plan təqdim ediblər. Bu addım, regionda süni zəka ilə bağlı mövcud qaydaları tənqid edən yerli inkişaf etdiricilərin çıxışlarından sonra atılıb. Avropa Komissiyası tərəfindən dərc olunmuş sənəddə “Süni Zəka Qitəsi üzrə Fəaliyyət Planı”ndan (AI Continent Action Plan) bəhs olunur. Bu planın məqsədi Avropanın güclü ənənəvi sənaye sahələrini və istedadlı insan resurslarını innovasiya və süni zəkanın sürətləndirilməsi üçün güclü hərəkətverici qüvvəyə çevirməkdir.

Region rəhbərləri xüsusilə yerli süni zəka layihələrinə dəstək vermək, süni zəka üçün avadanlıq istehsalı üzrə şəbəkə yaratmaq, "giqafabriklər" inşa etmək və süni zəkanın öyrədilməsi üçün startapların yüksək keyfiyyətli məlumat bazalarına çıxışını asanlaşdıracaq ixtisaslaşmış laboratoriyalar açmaq niyyətindədirlər. Avropa rəsmiləri bu “fabrikləri” süni zəka modellərinin hazırlanması və öyrədilməsi üçün qabaqcıl avadanlıqlarla təchiz edilmiş böyük obyektlər kimi təsvir edirlər. Həmçinin "Süni Zəka Qanunu" çərçivəsində yerli şirkətlərin tələblərə əməl etməsinə kömək edəcək və hüquqi nəzarəti həyata keçirəcək ayrıca bir xidmət də yaradılacaq.

Oxşar niyyətlərini daha əvvəl Böyük Britaniya hökuməti də açıqlamışdı. Avropa rəsmiləri regionun süni zəka bazarındakı mövqeyini gücləndirmə planlarından danışdıqları bir vaxtda, dünya texnologiya liderləri bildirirlər ki, Avropa qanunvericiliyi - süni zəkadan tutmuş vergi məsələlərinə qədər - innovasiyalara mane olur və yerli startapların fəaliyyətini çətinləşdirir. “Süni Zəka Qanunu” texnologiyanın cəmiyyət üçün yaratdığı risklərə əsaslanaraq süni zəkanın tətbiqini tənzimləyir. Sənəd, OpenAI və fransız startapı Mistral kimi “əsas model” tərtibatçılarına də şamil oluna biləcək şəkildə uyğunlaşdırılıb.

Bu qanun ABŞ rəsmiləri tərəfindən də tənqid olunub - onlar hesab edirlər ki, Avropa rəhbərliyi həm ABŞ texnologiya şirkətləri, həm də yerli startaplarla düzgün qarşılıqlı fəaliyyət mexanizmləri seçməyib. Bu baxımdan, yeni təşəbbüs tənzimləyici yükün azaldılmasını və innovasiyalar üçün maneələrin yumşaldılmasını nəzərdə tuta bilər - bunu CNBC-yə danışan ekspertlər qeyd edirlər. Əgər layihə Avropa “Süni Zəka Qanunu”nun şərhi ilə bağlı hüquqi qeyri-müəyyənlikləri aradan qaldırmağa kömək edərsə, bu təşəbbüs təkcə yerli süni zəka sistemlərinin tərtibatçıları və istifadəçiləri üçün deyil, həm də ABŞ və Böyük Britaniya şirkətləri üçün stimula çevrilə bilər. Çünki sənədin təsiri, mənşəyindən asılı olmayaraq, Avropa regionunda fəaliyyət göstərən bütün süni zəka sistemlərinə şamil edilir.
Mənbə: CNBC
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
