main-post-cover

    Ayın qaranlıq tərəfində quraşdırılması planlaşdırılan teleskop kainatın ən erkən zamanlarına nəzər yetirəcək

    Süni İntellekt
    26.05.2022
    Emil Nəcəfov
        Farside Array for Radio Science Investigation of Dark Ages and Exoplanets (FARSIDE) adlı yeni aşağı tezlikli radioteleskop kainatın, ulduzların hələ mövcud olmadıqları ilk vaxtlarına nəzər yetirməyə imkan verəcək. ABŞ-ın Kolorado Dövlət Universitetinin astrofiziki Jack Burns-un sözlərinə əsasən Ayın qaranlıq tərəfi astronomik müşahidələr üçün ən ideal yerdir. “Ayın qaranlıq tərəfi demək olar Günəş sisteminin ən sakit yeridir. Orda faktiki olaraq radiotezlikli küy yoxdur. Buna görə də Ayın qaranlıq tərəfində quraşdırılması planlaşdırılan aşağı tezlikli radioteleskop öz effektivliyini yüksək səviyyədə sərgiləyə bilər” - deyə astrofizik qeyd edib. 1 milyard dollar dəyərində olan FARSIDE adlı radioteleskopu hələ Ayın qaranlıq tərəfinə çatdırmaq və onu orda quraşdırmaq lazımdır.

    Qeyd etmək lazımdır ki, sözügedən layihənin reallaşdırılmasında Jeff Bezos-un Blue Origin şirkəti maraqlıdır. Lakin bu layihənin yalnız NASA tərəfindən yoxsa Blue Origin şirkəti ilə əməkdaşlıq çərçivəsində maliyyələşdiriləcəyi bilinmir.

        İlkin qiymətləndirmələrə əsasən yeni radioteleskop Ay səthində 2030-cu ildən tez fəaliyyətə başlamayacaq. Plana əsasən radioteleskopun quraşdırılması üçün lazım olan hər bir şey Blue Origin şirkətinin Blue Moon adlı eniş aparatı vasitəsilə Ay səthinə çatdırılacaq. FARSIDE teleskopunun özü 128 cüt antendən ibarət olacaq və bu cür irimiqyaslı konstruksiya diametri 10 km olacaq dairəvi formada quraşdırılacaq. Antenlərin quraşdırılması ilə isə xüsusi avtonom Ay aparatları məşğul olacaqlar. Radioteleskop öz işinə başlayandan sonra isə əldə ediləcək bütün məlumatları orbitdəki peyk vasitəsilə Yer kürəsinə ötürəcək. Aşağı tezlikli FARSIDE radioteleskopunun əsas məqsədlərindən biri kainat tarixinin “qaranlıq dövrlər” adlandırılan zamanını araşdırmaqdır.

    Söhbət, ilk ulduzların yaranmaqdıqları və ilk qalaktikaların formalaşmadıqları zamandan gedir.

        Radioteleskop 10-40 MHz tezlikdə çalışa biləcək. Bu isə öz növbəsində kainatın 15-80 milyon il yaşı olduğu zamanlara nəzər yetirmək imkanını verəcək. “Aşağı tezliklərdə çalışaraq FARSIDE radioteleskopu kainatın ən erkən strukturuna nəzər yetirə və ilkin neytral hidrogeni müşahidə edə biləcək. Böyük partlayışdan sonra kainat genişlənməyə başladı. O, tədricən soyuma prosesinə keçid etdi və elektron ilə protonlar birləşərək neytral hidrogen atomlarını yaratdılar. Və Böyük partlayışdan təqribi olaraq 100-200 milyon il sonra ilk ulduzlar parlamağa başladı və həmin ulduzlardan hər biri 100 Günəş kütləsinə sahib olub” - deyə Jack Burns qeyd edib. Alimin sözlərin əsasən qravitasiya neytral hidrogenə təsir göstərdiyi üçün FARSIDE radioteleskopu vasitəsilə həmin ilk ulduzların izlərini müşahidə etmək mümkün olacaq.
    Linki kopyala