ByteDance müəllif hüquqları qalmaqalından sonra yeni AI video alətinin qlobal yayımını dayandırdı
Süni İntellekt
16.03.2026
Sevinc
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, ByteDance yeni süni intellekt əsaslı video generatoru Seedance 2.0-ın qlobal istifadəyə verilməsini müvəqqəti olaraq dayandırıb. Məlumata görə, bu qərar alətin təqdimatından qısa müddət sonra Hollivud studiyalarının müəllif hüquqları ilə bağlı etirazlarından sonra qəbul edilib.
“The Information” nəşrinin anonim mənbələrə istinadən yaydığı xəbərə əsasən, şirkət hazırda platformanın beynəlxalq bazarlara çıxarılmasını dondurub. ByteDance məsələ ilə bağlı rəsmi açıqlama verməsə də, mediaya sorğu göndərildiyi bildirilir.
Seedance 2.0 fevral ayında Çində istifadəyə təqdim edildikdən dərhal sonra mübahisələrə səbəb olmuşdu. İstifadəçilərin yaratdığı videolar arasında aktyor Brad Pitt ilə Tom Cruise-un döyüşdüyünü göstərən viral AI klipi xüsusilə diqqət çəkmiş və modelin müəllif hüquqları ilə qorunan materiallarla öyrədildiyi iddialarını gücləndirmişdi. Bu səbəbdən Disney və Paramount Skydance kimi böyük studiyalar hüquqi xəbərdarlıqlar göndərmişdi.
ByteDance daha əvvəl BBC-yə açıqlamasında bildirib ki, istifadəçilərin intellektual mülkiyyət və şəxsi obrazlardan icazəsiz istifadəsinin qarşısını almaq üçün mövcud təhlükəsizlik mexanizmlərini gücləndirmək istiqamətində addımlar atılır. Lakin alətin qlobal bazarda nə vaxt istifadəyə veriləcəyi hələlik məlum deyil.
Paylaş