ByteDance yeni nəsil AI modeli Seedance 2.0-ni təqdim etdi
Süni İntellekt
13.02.2026
Ilhama
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Çinin texnologiya nəhəngi və ByteDance şirkəti yeni nəsil süni intellekt əsaslı video generatoru olan Seedance 2.0 modelini təqdim edib. Şirkətin açıqlamasına görə, model mətn, şəkil, video və audio kombinasiyalı sorğular əsasında video kliplər yarada bilir. Seedance 2.0 istifadəçilərə daha detallı və kompleks səhnələr qurmağa imkan verir. Model bir sorğu çərçivəsində 9-a qədər şəkil, 3 video və 3 audio fayl qəbul edə bilir. Bu isə istifadəçiyə süjet xəttini daha dəqiq qurmaq və vizual üslubu daha incə tənzimləmək imkanı yaradır.
Yeni model 15 saniyəyə qədər səsli video kliplər generasiya edə bilir. Kamera hərəkətləri, vizual effektlər və obyektlərin dinamikası nəzərə alınaraq yaradılan videoların real fizika qanunlarına uyğun olduğu bildirilir. Seedance 2.0, həmçinin mətn əsaslı “storyboard” sənədlərinə istinad edə bilir. Bu funksiya xüsusilə qısa film, reklam və sosial media kontenti hazırlayan yaradıcılar üçün əlavə üstünlük yaradır.
Süni intellektlə video generasiyası sahəsində rəqabət son bir ildə daha da güclənib. Google şirkətinin Veo 3 modeli artıq səsli video yaratma imkanını təqdim edib. OpenAI isə Sora 2 modelini və “hyperreal” hərəkət və səs effektləri ilə video hazırlamağa imkan verən tətbiqini istifadəyə verib. Bundan əlavə, AI startapı Runway də yeni video modelinin “misilsiz dəqiqlik” təqdim etdiyini iddia edir.
Paylaş