Logo
    main-post-cover

    ChatGPT 16 yaşlı yeniyetmənin intiharında günahlandırılır

         OpenAI rəhbərliyi ChatGPT-nin həssas xarakterli vəziyyətlərdə işləyərkən yaranan nasazlıqların aradan qaldırılması planları barədə ətraflı məlumat verib. Şirkət bu məsələyə o zaman diqqət ayırdı ki, bir yeniyetmənin intiharından sonra ailəsi şirkətə qarşı məhkəmə iddiası qaldırdı. Şirkət korporativ bloqunda belə vəd edib: “Biz ChatGPT-ni ekspertlərin tövsiyələri və alətlərimizdən istifadə edən insanlara qarşı məsuliyyətimiz əsasında təkmilləşdirməyə davam edəcəyik və ümid edirik ki, digərləri də bizə qoşular, beləliklə bu texnologiya insanların ən həssas olduqları anlarda onları qoruya bilsin”. Bir gün əvvəl intihar etmiş 16 yaşlı Adam Raine-in valideynləri OpenAI-ya qarşı məhkəmə iddiası qaldırmışdılar - iddiaçılar bildirirlər ki, ChatGPT aktiv şəkildə Adam-a intihar yollarını öyrənməkdə kömək edib.
         OpenAI izah edib ki, ChatGPT təhlükəli niyyətlərini ifadə edən insanlara kömək təklif etməyə öyrədilib. Lakin uzunmüddətli yazışma zamanı bu funksiya nasaz işləyə bilər və çat-bot bəzən şirkətin təhlükəsizlik siyasətinə zidd cavablar verə bilər. Şirkət GPT-5 flaqman modelinin qarşıdakı yeniləməsi barədə məlumat verib. Bu yeniləmə ilə çat-bot müzakirələrdə gərginliyi azaltmağı öyrənəcək. Bundan əlavə, şirkət istifadəçilərin böhran kəskinləşməzdən əvvəl sertifikatlı psixoterapevtlərə yönləndirilməsi imkanını araşdırır - istifadəçilərin birbaşa ChatGPT-dən əlaqə saxlaya biləcəkləri ekspertlər qrupunun yaradılması variantı da istisna edilmir.
         OpenAI həmçinin valideynlərin uşaqlarının ChatGPT-dən necə istifadə etdiklərini daha yaxşı anlamalarına kömək edəcək idarəetmə elementləri əlavə edəcəyinə söz verib. Vəkilin sözlərinə görə şirkət Raine ailəsinin üzvləri ilə əlaqə saxlamayıb, heç kim başsağlığı verməyib və məhsullarının təhlükəsizliyini artırmaq işini müzakirə etmək istəyi göstərməyib. CNBC yazır ki, ChatGPT istifadəçiləri arasında intiharın digər halları da məlumdur. Süni intellekt xidmətlərinin məşhurluğu artmaqda davam edir və onların terapiya, ünsiyyət və digər sosial ehtiyacların ödənilməsi üçün istifadəsi ilə bağlı narahatlıqlar daha tez-tez gündəmə gəlir.
    Paylaş