Logo
    main-post-cover

    “ChatGPT” Avropa İttifaqında “Google Search”lə eyni hüquqi status aldı

        Avropa Komissiyası “OpenAI” şirkətinin “ChatGPT” xidmətini Rəqəmsal Xidmətlər Aktı çərçivəsində çox böyük onlayn axtarış sistemi kimi tanıyıb. Bazar ertəsi açıqlanan qərarla çatbot Avropa İttifaqında “Google Search” ilə eyni hüquqi kateqoriyaya daxil edilib. “Reddit” və “Roblox” isə çox böyük onlayn platforma statusu alıb. Yeni status hər üç xidmət üçün nəzarəti və hüquqi məsuliyyəti artıracaq.
        “ChatGPT”dən əvvəl bu axtarış sistemi statusuna yalnız “Google Search” və “Microsoft” şirkətinə məxsus “Bing” xidməti sahib idi. Çox böyük onlayn platformalar siyahısında artıq “Facebook”, “Instagram”, “X”, “TikTok”, “Amazon” və “Apple” şirkətinin “App Store” xidməti yer alır. “ChatGPT”, “Reddit” və “Roblox”a əlavə tələblərə uyğunlaşmaq üçün dörd ay vaxt verilib. Bu müddətdə xidmətlərin Avropa İttifaqındakı iş prinsipləri yeni qaydalara uyğunlaşdırılmalıdır.
        Şirkətlər xidmətləri və alqoritmləri ilə yaranan sistemli riskləri qiymətləndirməli, onları necə azaltmağı planlaşdırdıqlarını izah etməlidir. Buraya qanunsuz məzmunun yayılması, azyaşlılara, eləcə də istifadəçilərin fiziki və psixi sağlamlığına mənfi təsir daxildir. Fundamental hüquqlar, seçkilər və ictimai təhlükəsizlik üçün yarana biləcək risklər də hesabatlarda nəzərə alınmalıdır.
        Yeni status Avropa Komissiyasına bu xidmətlərə nəzarət və araşdırma aparmaq üçün daha geniş səlahiyyət verir. Rəqəmsal Xidmətlər Aktını pozan şirkətlər illik qlobal gəlirin 6 faizinədək cərimələnə bilər. Komissiya dekabrda mavi təsdiq nişanlarının aldadıcı dizaynı və reklam şəffaflığının olmaması səbəbilə “X” platformasını 120 milyon avro (təxminən 236 milyon 760 min manat) cərimələmişdi.
        Avropa Komissiyası “TikTok”un sonsuz lent, avtomatik video başladılması, bildirişlər və yüksək dərəcədə fərdiləşdirilmiş tövsiyələrdən istifadəsinin də qanunu poza biləcəyini müəyyənləşdirib. “Reddit” yeni tələblərə hazırlaşdığını və Avropa İttifaqının tənzimləyici qurumları ilə əməkdaşlıq edəcəyini açıqlayıb. “OpenAI” və “Roblox” isə qərarla bağlı dərhal şərh verməyib.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...