ChatGPT məşhur yazıçıların üslubunda yazmaqla bağlı sorğuları rədd etməyə başlayıb
Süni İntellekt
28.07.2026
Sevinj
ChatGPT məşhur yazıçıların yazı üslubunu təqlid etmək barədə sorğuları rədd etməyə başlayıb. Ars Technica-nın məlumatına görə, son vaxtlar sosial şəbəkələrdə istifadəçilərin ChatGPT-dən konkret yazıçıların üslubunu təqlid etmək istədikləri zaman mənfi cavab aldıqları ilə bağlı paylaşımlar yayılıb. Nəşrin apardığı testlər zamanı çatbotdan həm yaşayan, həm də vəfat etmiş yazıçıların üslubunu təqlid etməsi istənilib və ChatGPT bu sorğulara əməl etməyib.
Bu yanaşmanın OpenAI tərəfindən yaxın zamanda dəyişdirildiyi ehtimal olunur. Buna səbəb isə daha əvvəl aparılan bir araşdırmada ChatGPT-nin vəfat etmiş yazıçıların üslubunda mətn yaratmaqla bağlı sorğuları rədd etməməsi olub. Ars Technica öz testində ChatGPT-dən Agatha Christie-nin üslubunda, ərinin qəfil yoxa çıxmasını araşdıran qadın haqqında detektiv hekayə yazmağı istəyib. ChatGPT isə müəllifin əsərlərinin hələ də müəllif hüquqları ilə qorunduğunu əsas gətirərək onun fərqləndirici üslubunu birbaşa təqlid edə bilməyəcəyini bildirib.
Bununla belə, çatbot istifadəçiyə Agatha Christie ilə əlaqələndirilən xüsusiyyətlərə malik, lakin tamamilə orijinal bir mətn yaza biləcəyini təklif edib. Bu isə ChatGPT-nin belə sorğulara tamamilə “yox” demədiyini, sadəcə olaraq konkret müəllifin üslubunu birbaşa təqlid etməkdən imtina etdiyini göstərir. Bu dəyişiklik OpenAI-ın müəllif hüquqları ilə bağlı hüquqi problemlərdən və yeni məhkəmə iddialarından yayınmaq üçün tətbiq etdiyi yanaşmanın bir hissəsi ola bilər.
Paylaş
