Logo
    main-post-cover

    ChatGPT-nin bir sorğuya hansı miqdarda sudan istifadə etdiyi açıqlanıb

    Süni İntellekt
    12.06.2025
    Emil
         OpenAI-nin baş direktoru Sam Altman öz bloqunda ChatGPT çat-botunun nə qədər resurs istehlak etdiyini açıqlayan bir məqalə dərc edib. O bildirib ki, çat-botun bir sorğusunu yerinə yetirmək üçün təxminən 0.000085 qallon su, yəni təxminən 1/15 çay qaşığı sərf olunur. “İnsanlar tez-tez ChatGPT sorğusunun nə qədər enerji istifadə etdiyini soruşurlar. Orta hesabla bir sorğu təxminən 0.34 vatt-saat enerji sərf edir. Bu da təxminən sobanın bir saniyəyə sərf etdiyi və ya yüksək səmərəli lampanın bir neçə dəqiqəyə istifadə etdiyi enerji qədərdir” - deyə Altman bildirib.
         O həmçinin qeyd edib ki, məlumat mərkəzlərinin avtomatlaşdırılması artdıqca süni zəkanın dəyəri nəticə etibarilə elektrik enerjisinin dəyərinə yaxınlaşmalıdır. Altman əmindir ki, 2030-cu ilə qədər həm süni zəka, həm də enerji bolluqda olacaq. Süni zəka şirkətləri enerji sərfiyyatının yüksəkliyi səbəbilə diqqət mərkəzinə düşüblər. Tədqiqatçılar proqnozlaşdırırlar ki, 2025-ci ilin sonuna qədər süni zəka texnologiyaları bitcoin mayninqindən daha çox enerji istehlak edəcəklər.
         Ötən il The Washington Post nəşrində dərc olunmuş bir məqalədə qeyd olunurdu ki, GPT-4 əsaslı süni zəka çat-botu tərəfindən yaradılmış 100 sözdən ibarət bir elektron məktubun generasiyası bir butulkadan bir qədər çox su tələb edir. Məqalədə bildirilirdi ki, su ehtiyatlarının istifadəsi əsasən məlumat mərkəzinin yerləşdiyi coğrafi ərazidən asılıdır. Bu arada, Microsoft-un təsisçisi Bill Gates də Altman-la oxşar fikirdədir. O, hesab edir ki, süni zəkanın enerji tələbatı barədə narahatlığa əsas yoxdur, çünki sonda süni zəka özü enerji sərfiyyatını azaltmağın və dayanıqlı enerjiyə keçidin yollarını tapacaq.
    Paylaş