Logo
    main-post-cover

    ChatGPT-nin proqramlaşdırma barəsindəki cavablarının 52%-i səhvdir

    Süni İntellekt
    27.05.2024
    Emil
         Son zamanlarda süni zəka texnologiyaları ətrafında olan səs-küy səbəbilə proqramçılar proqram təminatı kodlarının yazılması mövzusunda çox zaman ChatGPT kimi süni zəka əsaslı çat-botlara müraciət etməyə başlayıblar. Bu isə öz növbəsində tərtibatçılar üçün nəzərdə tutulmuş Stack Overflow saytının istifadəçi kütləsinin azalmasına səbəb olub. Nəticədə Stack Overflow keçən il öz işçi heyətinin 30%-ni ixtisar etməli oldu. Məlum olub ki, proqram təminatı kodlarının yazılması mövzusunda süni zəkaya güvənmək hələ tezdir. Belə ki, Perdyu Universitetinin mütəxəssisləri tərəfindən aparılmış tədqiqatın nəticələrinə əsasən ChatGPT tərəfindən proqramlaşdırma sahəsi üzrə tərtib etmiş cavabların 52%-i səhvdir.
         Aparılmış tədqiqat çərçivəsində Perdyu Universitetinin proqramçıları Stack Overflow saytındakı 517-dən çox sorğuya nəzər yetiriblər və ChatGPT-nin həmin sorğulara olmuş cavablarını analiz ediblər. “Biz təyin etdik ki, cavabların 52%-i dezinformasiyadan təşkil edilib, 77%-i insanların cavablarından fərqli olaraq çox uzundur, 78%-i isə insanların cavabları ilə üst-üstə düşməyən müxtəlif faktorlara sahibdir” - deyə mütəxəssislər qeyd ediblər. Bununla yanaşı Perdyu Universitetinin mütəxəssisləri 12 nəfər tərtibatçı arasında sorğu keçirərək təyin edib ki, sorğu iştirakçılarının 35%-i ChatGPT tərəfindən tərtib edilmiş cavablara üstünlük verir və hətta həmin cavablardakı səhvləri belə görmür.
    Paylaş