ChatGPT tətbiqinin silinməsi DoD razılaşmasından sonra 295 % artdı
Süni İntellekt
03.03.2026
Ilhama
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, ABŞ-də OpenAI şirkətinin Müdafiə Nazirliyi (DoD) ilə əməkdaşlıq xəbəri yayılandan sonra ChatGPT mobil tətbiqinin silinmə sayı kəskin artıb. Bazar araşdırma şirkəti Sensor Tower-ın məlumatına görə, fevralın 28-i, şənbə günü ABŞ-də tətbiqin silinməsi bir gün əvvəl ilə müqayisədə 295% artıb. Halbuki son 30 gün ərzində ChatGPT-nin gündəlik orta silinmə göstəricisi cəmi 9 % idi.
Eyni dövrdə Anthropic şirkətinin çatbotu Claude isə əks tendensiya nümayiş etdirib. Şirkət ABŞ Müdafiə Nazirliyi ilə əməkdaşlıq etməyəcəyini açıqladıqdan sonra tətbiqin yüklənməsi fevralın 27-də 37 %, fevralın 28-də isə əlavə 51 % artıb. Anthropic bildirib ki, süni intellektin amerikalıların izlənməsi və tam avtonom silah sistemlərində istifadəsi ilə bağlı risklər səbəbindən razılaşma şərtlərində ortaq məxrəcə gələ bilməyib.
Bu mövqe istifadəçilərin bir qisminin rəğbətini qazanıb. ChatGPT tətbiqinin ABŞ-dəki yüklənmələri razılaşma xəbəri yayıldıqdan sonra 13 % azalıb, bazar günü isə əlavə 5 % geriləyib. Halbuki razılaşmadan əvvəl, cümə günü tətbiqdə 14 %-lik artım qeydə alınmışdı.
Baş verən dəyişikliklər tətbiqlərin reytinqinə də təsir edib. Claude fevralın 28-də ABŞ App Store-da 1-ci yerə yüksəlib və martın 2-nə olan məlumata görə liderliyini qoruyur. Bu, təxminən bir həftə əvvəlki mövqeyi ilə müqayisədə 20 pillədən çox artım deməkdir.
İstifadəçi rəylərində də ciddi dəyişiklik müşahidə olunub. Sensor Tower-ın məlumatına əsasən, şənbə günü ChatGPT üçün 1 ulduzlu rəylər 775 % artıb, bazar günü isə əlavə 100 % yüksəlib. Eyni zamanda 5 ulduzlu rəylər 50 % azalıb.
Digər analitik platformalar da oxşar nəticələr təqdim edir. Appfigures bildirir ki, şənbə günü Claude-un ABŞ üzrə gündəlik yüklənməsi ilk dəfə ChatGPT-ni üstələyib və artım 88 %-ə çatıb. Tətbiq hazırda ABŞ ilə yanaşı Belçika, Kanada, Almaniya, Lüksemburq, Norveç və İsveçrədə də ən populyar pulsuz iPhone tətbiqi statusundadır.
Bundan əlavə, Similarweb qeyd edir ki, Claude-un ABŞ üzrə son həftəlik yüklənməsi yanvar ayı ilə müqayisədə təxminən 20 dəfə artıb. Lakin şirkət bu artımın yalnız siyasi faktorlarla bağlı olmadığını da vurğulayır.
Paylaş