ChatGPT turistlər üçün nə qədər etibarlıdır?
Süni İntellekt
30.12.2025
Sevinc
Technote.az “CNN” platformasına istinadən bildirir ki, səyahət planlaşdırarkən illərdir əksər insanların ilk ünvanı Google olub. İlham almaq, şəkillərə baxmaq, büdcəyə uyğun otel tapmaq, ictimai nəqliyyat, təhlükəsizlik və pasportun etibarlılıq müddəti kimi vacib detalları öyrənmək üçün axtarış motorlarına üz tuturuq.
Son dövrlərdə isə səyahətçilər getdikcə daha çox süni intellekt əsaslı böyük dil modellərindən istifadə etməyə başlayıb. Bu alətlər bir neçə saniyə ərzində səyahət marşrutu tərtib edə bilir və internetdəki böyük həcmli məlumatlara əsaslanaraq istifadəçi sorğularına cavab verir. Lakin ekspertlər xəbərdarlıq edir ki, səyahət hər kəs üçün eyni deyil və süni intellekt hər zaman doğru məlumat təqdim etmir. Bəzən bu modellər “hallüsinasiya” adlandırılan yanlış və uydurma detallara yol verə bilir. Buna görə də otelin həqiqətən hovuzu olub-olmadığını və ya müəyyən ölkəyə viza lazım olub-olmadığını mütləq yoxlamaq tövsiyə olunur.
Cənubi Florida Universitetinin Qonaqpərvərlik və İdman Menecmenti Məktəbinin assistent professoru və turizmdə süni intellekt üzrə mütəxəssis Seden Doğan bildirir ki, daha dəqiq nəticə almaq üçün sorğulara konkret detallar əlavə etmək vacibdir. Məsələn, “tək səyahət edən qadınam və vegeterianam” kimi məlumatlar cavabları daha məqsədyönlü edir. Amma şəxsi məlumatlar, sosial sığorta nömrəsi, ünvan, telefon və bank kartı məlumatları qətiyyən paylaşılmamalıdır.
Paylaş