Logo
    main-post-cover

    ChatGPT və digər çat-botlardan daimi istifadə tənhalıq hissini kəskinləşdirə bilər

    Süni İntellekt
    24.03.2025
    Emil
         Bloomberg OpenAI Massaçusets Texnologiya İnstitutunun araşdırmalarına istinadən yazıb ki, ChatGPT kimi süni zəka çat-botlarından daha tez-tez istifadə edilməsi, insanların özlərini daha tənha hiss etmələrinə və başqaları ilə ünsiyyətə sərf olunan vaxtın azalmasına səbəb ola bilər. Araşdırmalardan birində alimlər bir ay ərzində artıq ChatGPT ilə işləmə təcrübəsi olan təxminən 1000 nəfəri müşahidə ediblər. İştirakçılara təsadüfi şəkildə ya çat-botun mətn versiyası, ya da onun iki səsli variantından biri təqdim olunub və onlardan gündə azı 5 dəqiqə istifadə etmələri istənilib. Bəzi iştirakçılara istənilən mövzularda açıq çatlar aparmaq, digərlərinə isə şəxsi və ya qeyri-şəxsi mövzularda süni zəka ilə söhbət etmək təklif olunub.
         Hər gün ChatGPT ilə daha çox mətn yazan və ya səsli ünsiyyətdə olan insanlar, çat-bota qarşı daha yüksək emosional asılılıq, problemli istifadə vərdişləri, həmçinin artan tənhalıq hissi barədə daha tez-tez məlumat veriblər. Araşdırma göstərib ki, insani münasibətlərə emosional bağlılıq göstərməyə meyilli və çat-bota daha çox güvənən insanlar, özlərini daha tez-tez tənha hiss edir və ChatGPT-yə qarşı emosional asılılıq yaradırlar. Bununla yanaşı, tədqiqatçılar çat-botun səsinin daha cəlbedici olması ilə neqativ nəticələr arasında heç bir əlaqə tapmayıblar. İkinci araşdırmada alimlər proqram təminatının köməyi ilə istifadəçilərin ChatGPT ilə apardıqları 3 milyon söhbəti təhlil edib və insanların çat-botla necə qarşılıqlı əlaqə qurduqları barədə sorğu keçiriblər.
         Məlum olub ki, respondentlərin yalnız az bir hissəsi ChatGPT-dən emosional məzmunlu ünsiyyət üçün istifadə edib. ChatGPT-nin 2022-ci ilin sonunda istifadəyə verilməsi generativ süni zəka ətrafında böyük səs-küyə səbəb oldu. OpenAI kimi şirkətlər səs funksiyaları olan və insan ünsiyyətini daha yaxşı təqlid edə bilən mürəkkəb modellər yaratdıqca, istifadəçilərlə çat-botlar arasında parasosial münasibətlərin yaranma ehtimalı artır. Son aylarda bu texnologiyanın potensial emosional zərərləri ilə bağlı narahatlıqlar yenidən gündəmə gəlib, xüsusilə gənc istifadəçilər və psixoloji problemləri olan insanlar arasında.
         OpenAI bu yeni araşdırmaları, insanların onun məşhur çat-botu ilə necə qarşılıqlı əlaqədə olduqlarını və bu botun onlara necə təsir etdiyini daha yaxşı anlamaq üçün bir vasitə kimi dəyərləndirir. Bununla belə, bu tədqiqatlar hələ ilkin mərhələdədir və çat-botların tənhalıq hissinin artmasına nə dərəcədə səbəb ola biləcəyi, eləcə də onlardan istifadənin emosional asılılığa meyilli insanlarda bu halı nə qədər gücləndirdiyi hələlik aydın deyil. Cathy Mengying Fang - tədqiqatın həmmüəllifi və Massaçusets Texnologiya İnstitutunun aspirantı - nəticələrin çat-botdan daha fəal istifadənin qaçılmaz şəkildə mənfi nəticələrə gətirib çıxardığına dair tələsik nəticələrə səbəb ola biləcəyindən narahat olduğunu bildirib. O, izah edib ki, araşdırmada ChatGPT-dən istifadə müddəti əsas amil kimi nəzarətdə saxlanılmayıb, həmçinin çat-botlardan istifadə etməyən nəzarət qrupu ilə müqayisə aparılmayıb.
    Mənbə: Bloomberg
    Paylaş