ChatGPT və Perplexity botların ən çox məlumat topladığı ilk 5 saytdadır
Süni İntellekt
06.10.2026
“Decodo”nun yeni araşdırmasına görə, “ChatGPT” və “Perplexity” ilk dəfə internetdə avtomatik məlumat toplanmasına ən çox məruz qalan 5 sayt arasına düşüb. Burada botların saytlardakı açıq məlumatları proqramlarla toplamasından söhbət gedir. Əvvəllər süni intellekt platformaları başqa saytları oxuyurdu. İndi həmin platformaların cavabları da şirkətlər üçün məlumat mənbəyinə çevrilib.
Siyahıda “TikTok” 18% payla birinci, “Google” ikinci olub. Ümumi fəaliyyətdə “ChatGPT” payı 14% olub və xidmət üçüncü yerə yüksəlib. “Perplexity” 10% payla beşinci, “Amazon” isə səkkizinci yeri tutub. Beləliklə, ilk 5 yerdən 2-si süni intellekt xidmətlərinin payına düşüb.
Bizneslər “ChatGPT”nin onların məhsullarını rəqiblərlə müqayisədə necə sıraladığını və şirkət barədə hansı məlumatları göstərdiyini izləyə bilər. Avtomatik məlumat toplamaqla brend adının cavablarda neçə dəfə çəkildiyini və hansı mənbələrə istinad edildiyini də ölçmək olur. Araşdırmaya görə, bu dəyişiklik alıcıların qərar verərkən süni intellekt xidmətlərinə daha çox üz tutması ilə bağlıdır.
İlk 10 yerdəki saytların 7-si siyahıya yenicə daxil olub. Əvvəlki siyahıdan yalnız “TikTok”, “Google” və “Amazon” öz mövqelərini qoruyub. “Walmart”, “eBay” və “Airbnb” bu dəfə ilk 10-luğa düşməyib. Nəticələr göstərir ki, bizneslər ənənəvi onlayn mağazalardan çox süni intellekt platformalarında və sosial mediada yaranan istehlakçı meyllərini izləyir.
“Decodo” gələn il “Gemini” və “Copilot” xidmətlərinin də ilk 10-luğa düşə biləcəyini gözləyir. Şirkətin proqnozuna görə, məlumat toplama prosesini başladan tərəf də dəyişə bilər. Gələcəkdə hansı məlumatın toplanacağına insanların yerinə süni intellekt agentləri qərar verə bilər. Belə agentlər verilən tapşırığı müstəqil şəkildə planlaşdıran süni intellekt alətləridir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...