Logo
    main-post-cover

    Christopher Nolan: "Süni intellekt hamının bildiyi Troya atıdır"

        "The Odyssey" filmi ilə gündəmdə olan məşhur rejissor Christopher Nolan süni intellekt texnologiyalarına münasibəti ilə bağlı diqqətçəkən açıqlama verib. YouTube-da HugoDecrypte kanalına müsahibəsində Nolan bildirib ki, süni intellekt ona Troya atını xatırladır.
    Jurnalistin süni intellektin əvvəlcə faydalı görünüb sonradan təhlükəyə çevrilə biləcəyi ilə bağlı sualına cavab verən rejissor deyib:
    "Məncə, süni intellekt hamının içində yunan əsgərlərinin olduğunu bildiyi Troya atıdır. Hətta bu, şüşədən hazırlanmış şəffaf bir Troya atıdır."
        Nolan-ın sözlərinə görə, o, indiyədək bu qədər sürətlə inkişaf edən, eyni zamanda cəmiyyət tərəfindən bu qədər şübhə ilə qarşılanan başqa bir texnologiya görməyib. Xüsusilə gənclərin AI ilə yaradılan məzmunları tez bir zamanda tanıyaraq onları "AI slop" (keyfiyyətsiz AI məzmunu) adlandırmasını müsbət hal kimi qiymətləndirib. Rejissor hesab edir ki, yeni texnologiyalara tənqidi yanaşmaq vacibdir. Onun fikrincə, texnologiyalar insanlara böyük imkanlar təqdim etsə də, onları inkişaf etdirən şirkətlərin məqsədlərinə də sağlam şübhə ilə yanaşmaq lazımdır. Məhz bu yanaşma cəmiyyətin yeni texnologiyalardan daha düzgün istifadə etməsinə kömək edəcək.
    Paylaş