Chrome-un yeni funksiyası ənənəvi axtarış nəticələrini keçə bilər
Süni İntellekt
05.06.2026
Sevinj
Google Chrome-da axtarış sorğularını birbaşa süni intellekt rejiminə yönləndirən yeni funksiyanı sınaqdan keçirir. Hazırda yalnız eksperimental Chrome Canary versiyasında aşkarlanan bu yenilik gələcəkdə istifadəçilərin ənənəvi axtarış nəticələrini görmədən AI Mode interfeysinə keçməsinə imkan verə bilər. Windows Report-un məlumatına görə, Chrome Canary-də gizli bayraq kimi əlavə edilən "Fulfill Searchbox Queries in AI Mode" adlı funksiya aktivləşdirildikdə axtarış sorğuları avtomatik olaraq AI Mode-a yönləndirilir. Bu rejim klassik Google axtarış səhifəsindən fərqli olaraq çatbot tipli dialoq interfeysi təqdim edir.
Hazırda Google-da edilən axtarışlar əvvəlcə "All" bölməsində göstərilir. Burada süni intellekt tərəfindən hazırlanmış AI Overview xülasəsi ilə yanaşı, istifadəçilər ənənəvi veb keçidlərə də çıxış əldə edirlər. AI Mode-dan istifadə etmək istəyənlər isə ayrıca həmin bölməyə keçid etməlidirlər. Yeni eksperimental funksiya isə bu prosesi dəyişdirərək istifadəçini birbaşa AI Mode səhifəsinə aparır. Beləliklə, axtarış təcrübəsi daha çox ChatGPT və Gemini kimi söhbət əsaslı sistemlərə bənzəyir.
Google bu test barədə hələ rəsmi açıqlama verməsə də, şirkət son aylarda məhsullarına süni intellekt imkanlarını sürətlə inteqrasiya edir. I/O 2026 tədbirində təqdim olunan "Intelligent Search Box" funksiyası istifadəçilərə video, şəkil, fayl və hətta açıq Chrome tablarını axtarış sorğusuna daxil etməyə imkan verir. Bununla yanaşı, Google-un süni intellektə daha çox üstünlük verməsi bəzi istifadəçilərin narazılığına səbəb olub. Məlumata görə, I/O 2026 təqdimatından sonra süni intellektsiz axtarış təcrübəsi təqdim edən DuckDuckGo platformasında həm yüklənmə, həm də istifadə göstəricilərində artım qeydə alınıb. Hazırda sözügedən funksiya yalnız eksperimental sınaq mərhələsindədir. Windows Report-un aşkar etdiyi qeydə əsasən, layihənin müəlliflərindən biri kodda "Bu yalnız araşdırma məqsədlidir. Hazırda funksiyanın geniş istifadəyə verilməsi planlaşdırılmır" qeydini əlavə edib.
Paylaş