Logo
    main-post-cover

    Çin süni intellektin qlobal tənzimlənməsini təklif edib

         Şanxayda 26 iyul tarixindən etibarən Ümumdünya Süni İntellekt Konfransı (WAIC) keçirilir. Bu, hər il baş tutan tədbirdir və süni intellekt sahəsində mövcud tendensiyaları və yenilikləri müzakirə etmək üçün şirkətləri, startapları, siyasətçiləri və alimləri bir araya gətirir. Konfransda yalnız yeni texnologiyalar və məhsullar deyil, həm də etik məsələlər və normativ-hüquqi çərçivələr diqqət mərkəzindədir. KİV-in məlumatına görə, Çinin Dövlət Şurasının baş naziri Li Qiang konfransda süni intellektin tənzimlənməsi sahəsində qlobal əməkdaşlıq təşəbbüsü ilə çıxış edib. Süni intellekt sahəsindəki ən güclü modellərdən bəziləri Çində hazırlanıb. Ötən ilin sonunda Deepseek startapı V3 adlı modelini təqdim etdi və bu model dərhal OpenAI və digər bəzi istehsalçıların süni intellekt alətlərini bir sıra testlərdə qabaqladı.
         Sonuncu sensasiyalı hadisə isə bir neçə müddət bundan öncə baş verib: Moonshine AI startapı özünün Kimi K2 adlı modelini təqdim edib. Bu yeni süni intellekt modeli orta səviyyədən yüksək nəticələr göstərib və güclü tərəflərini nümayiş etdirib. Lakin Çin süni intellekt modellərinin bir mühüm çatışmazlığı var: onlar sistemli şəkildə siyasi cəhətdən həssas mövzulardan yayınırlar. Bunun səbəbi isə Çin internet tənzimləyicisinin süni intellekt sistemlərinin “sosializmin əsas dəyərlərinə” uyğun olmasını tələb etməsidir. Nəticədə bir çox modellər həssas suallara cavab verməkdən imtina edir - məsələn, 1989-cu ildə Tyananmen meydanında baş vermiş hadisələrə dair suallara. Qərb dövlətləri və texnologiya şirkətləri bu cür dövlət tənzimlənməsi formasını kəskin şəkildə tənqid edirlər. Bu baxımdan, Li Qiang-in süni intellektin tənzimlənməsi sahəsində daha sıx qlobal əməkdaşlıq təklif etməsi təəccüblüdür.
         Açılış nitqində o, mövcud vəziyyəti həddindən artıq parçalanmış kimi xarakterizə edib və ölkələr arasında daha güclü koordinasiyaya çağırıb. Hətta süni intellektin hazırlanması və təhlükəsizliyi üçün ümumi qaydalar toplusunu işləyib hazırlayacaq qlobal təşkilatın yaradılmasını da təklif edib. İndiyə qədər OpenAI kimi ABŞ şirkətləri əsasən innovasiyaların inkişafını təmin etmək və dövlət müdaxiləsindən maksimum dərəcədə azad olmaq məqsədini güdürdülər. Avropa da öz yolunu tutur: 2024-cü ilin yayında qəbul edilmiş Süni İntellekt Qanunu vasitəsilə Avropa Birliyi daha yüksək təhlükəsizlik və şəffaflıq təmin etməyə, beləliklə də potensial diskriminasiya, manipulyasiya və ya məlumatların qorunmasında boşluqlar kimi riskləri minimuma endirməyə çalışır.
         Eyni zamanda, bu qanun Avropada innovasiyaların inkişafını konkret şəkildə dəstəkləməyi hədəfləyir. Pekin isə 2030-cu ilə qədər süni intellekt sahəsində aparıcı ölkəyə çevrilməyi planlaşdırır. Lakin bu səylər Çin və ABŞ arasında davam edən ticarət münaqişəsinin fonunda arxa plana keçir. Son aylarda Vaşinqton Çinə yüksək texnologiyalı məhsulların, o cümlədən NVIDIA kimi istehsalçıların süni intellekt çiplərinin ixracına ciddi məhdudiyyətlər tətbiq edib. Lakin iyulun ortalarında NVIDIA-nın rəhbəri Jensen Huang bəyan etdi ki, H20 çipi artıq yenidən Çində satışa çıxarıla bilər. Konfrans zamanı Li Qiang süni intellektin güclü dövlətlərin müstəsna texnologiyasına çevrilməsinin qarşısını almaq barədə xəbərdarlıq edib. Çin öz təcrübə və texnologiyalarını, xüsusilə də Qlobal Cənub ölkələri ilə bölüşmək istədiyini bildirib.
    Paylaş