main-post-cover

    Çinin termonüvə reaktoru 17 dəqiqəlik 'süni günəş' yarada bilib

    Süni İntellekt
    04.01.2022
    Emil Nəcəfov
        Çinin kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən ölkədə fəaliyyət göstərən 3 böyük termonüvə reaktorundan biri 70 milyon dərəcə Selsi temperaturlu plazmanı 17 dəqiqə ərzində saxlaya bilib. Bu isə termonüvə enerjisinin mənimsənilməsi yolunda əldə edilmiş vacib nailiyyətdir. Plazmanın mümkün qədər çox saxlanılması üzrə fərdi rekorda Experimental Advanced Superconducting Tokamak (EAST) adlı təcrübi reaktor imza atıb. Keçən ilin may ayında sözügedən reaktor daha bir rekorda imza atmışdı. Belə ki, o, 120 milyon dərəcə Selsi temperaturlu plazmanı 101 saniyə ərzində saxlaya bilmişdi. Hələ bu da son deyil. Həmin vaxtda reaktor həmçinin 160 milyon dərəcə Selsi temperaturlu plazmanı 20 saniyə ərzində saxlaya bilmişdi.
        Reaktorun imza atmış olduğu yeni rekord isə plazmanın saxlanma müddətini əhatə edir. Qeyd etmək lazımdır ki, EAST reaktoru ilk dəfə 2006-cı ildə işə salınmışdı. O, HT-7 adlı təkmilləşdirilmiş reaktor əsasında inşa edilib və ITER adlı beynəlxalq təcrübi reaktorun işə salınmasına hazırlıq proqramında iştirak edir. Qeyd etmək lazımdır ki, temperatur üzrə rekord göstəricilərin əldə edilməsi çox güman ki, plazma qaytanında elektronların qızmasını əhatə edir. Kütləvi informasiya vasitələri tərəfindən verilmiş məlumatlarda bu məsələyə aydınlıq gətirilməyib.

    Plazmada sabit termonüvə reaksiya sintezinin əldə edilməsi üçün ionları 100 milyon dərəcə Selsiyə kimi qızdırmaq lazımdır.

        İonlar isə elektronlardan daha ağır olurlar. Nəticədə eyni enerji sərfiyyatı vəziyyətində ionlar 2 dəfə daha soyuq olurlar. Məsələn plazmada ionların rekord göstəricidə qızdırılması performansını Cənubi Koreyanın KSTAR adlı reaktoru sərgiləyir. Onun son rekordu 30 saniyə ərzində ionların 100 milyon dərəcə Selsiyə kimi qızdırılması olub. Çin tərəfi bu cür məlumatları açıqlamır. Buna görə də çox güman ki, EAST reaktorunun 17 dəqiqə ərzində 70 milyon dərəcə Selsi temperaturlu plazmanı saxlaması rekordu məhz plazmadakı elektronların qızmalarını əhatə edir. Alimlər keçən ilin sonunda istifadəyə verilmiş HL-2M adlı reaktora böyük ümidlər bəsləyirlər. İlk dəfə işə salınan zaman sözügedən reaktor 150 milyon dərəcə Selsi temperaturlu plazmanı 10 saniyə ərzində saxlaya bilib. Bu reaktor potensial olaraq elektronları 200 milyon dərəcə Selsiyə, ionları isə 100 milyon dərəcə Selsiyə kimi qızdıra bilər.
    Linki kopyala