
Çinli hərbçilər hərbi robotların təhlükələri barədə xəbərdarlıq ediblər
Süni İntellekt
14.07.2025
Emil
Keçən əsrin fantast-yazıçılarının düşüncələri bu gün üçün olduqca aktual görünə bilər - xüsusilə də aparıcı dövlətlərin bədənə sahib süni zəka sistemlərinin yaradılması sahəsində yarışdıqları bir dövrdə. Çin Xalq Azadlıq Ordusunun rəsmi qəzetində (PLA Daily) dərc olunmuş analitik məqalənin müəllifləri, amerikalı yazıçı-fantast Isaac Asimov-un “Robototexnikanın 3 Qanunu”na istinad edərək, hərbi sahədə insanabənzər robotların kütləvi istehsalına başlamazdan əvvəl onların üzərində etik və hüquqi araşdırmalar aparmağa çağırırlar. Əks halda, müəlliflərin fikrincə, hüquqi təqiblər və “əxlaqi tələlər” qaçılmaz olacaq. Məqalədə belə deyilir: “Hərbi androidlər bu günə qədər mövcud olan ən insanabənzər silahlardır və onların genişmiqyaslı, hərtərəfli tətbiqi kütləvi qətllərə və təsadüfi ölümlərə gətirib çıxara bilər. Bu isə qaçılmaz şəkildə məhkəmə iddiaları və mənəvi qınama ilə nəticələnəcək”.

Müəlliflərin fikrincə, hərbiləşdirilmiş androidlər Asimov-un birinci qanununu açıq şəkildə pozur. Həmin qanuna görə, "robot insana zərər verə bilməz və ya fəaliyyətsiz qalaraq insana zərər verilməsinə imkan verə bilməz". İnsanabənzər robotlar süni zəka, bədənli zəka və qabaqcıl istehsal texnologiyalarının kəsişməsində yerləşir - bu sahələr isə Çin üçün xüsusilə ABŞ-la rəqabət kontekstində həyati əhəmiyyət daşıyan istiqamətlər hesab olunur. Bu il bir neçə Çin şirkəti yeni universal robotlar təqdim edib, bu da texnologiyaya olan inamı gücləndirib və Pekin bu sahədə Çinin liderliyini möhkəmləndirməyə çalışır. Müasir insanabənzər robotlar əsasən logistika və istehsalat sahələrində istifadə olunur. Onların elmi tədqiqatlarda, təhsil sahəsində və xidmət sektorunda da tətbiq təcrübəsi var.

Androidlərin hərbi məqsədlərlə istifadəsi tendensiyası da mövcuddur, baxmayaraq ki, onların genişmiqyaslı tətbiqi hələ uzaq perspektiv hesab olunur. Müəlliflərin fikrincə, androidlərin əsas üstünlüyü - mexaniki əllərə malik olmaları və müxtəlif texnikanı adaptiv şəkildə idarə edə bilmələridir. Əgər bu robotlar insan əllərinə bənzər yuxarı ətraflara sahib olsalar, başqa, qeyri-insanabənzər avtonom sistemlərin yerinə yetirə bilmədikləri tapşırıqları icra edə biləcəklər. Buna görə də, hərbçilər bu cür robotları layihələndirən mühəndislərə veriləcək texniki tələbləri diqqətlə qiymətləndirməlidirlər. Müəlliflər insanabənzər robotların yaxın gələcəkdə digər avtonom robototexnika növlərini tamamilə əvəz edəcəklərini iddia etmirlər.

Bu, androidlərə xas olan məhdudiyyətlər səbəbindən mümkün deyil: onların hərəkət sürəti daha aşağıdır, texniki baxımdan daha mürəkkəbdirlər və istehsal xərcləri yüksəkdir. Bu məqalə PLA Daily qəzetinin döyüş sahəsində androidlərin tətbiqinə həsr olunmuş silsilə yazılarının sonuncusu olub. May ayında dərc olunmuş məqalələrdən birində qeyd olunurdu ki, insanabənzər robotlar “bəşəriyyətin gələcək müharibələrə dair təsəvvürlərini dəyişməyə davam edir”. Müəlliflər vurğulayırdılar ki, insanabənzər robotlar süni zəka alqoritmləri əsasında müstəqil döyüş aparmaq və ağıllı qərarlar vermək qabiliyyətinə malikdirlər. Həmin məqalədə onların döyüş meydanındakı vəziyyəti məntiqi şəkildə qiymətləndirmək və döyüş tapşırıqlarını avtonom şəkildə yerinə yetirmək bacarığı yüksək qiymətləndirilirdi.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
