Claude artıq yaratdığı mətnlərə görünməz watermark əlavə edir
Süni İntellekt
12.08.2026
Sevinj
Anthropic şirkəti Claude süni intellekt modellərinin yaratdığı mətn və şəkillərə xüsusi maşın tərəfindən oxuna bilən işarələr əlavə etməyə başlayıb. Şirkət bu sistemi yalnız Avropa İttifaqında deyil, bütün dünyada tətbiq edəcək. Dəyişiklik Avropa İttifaqının AI Act qanununun süni intellektlə yaradılmış məzmunun şəffaflığına dair yeni tələblərinin 2 avqust 2026-cı ildən qüvvəyə minməsi ilə əlaqədardır. Anthropic həmçinin AI tərəfindən yaradılmış məzmunun şəffaflığı ilə bağlı Aİ-nin könüllü Təcrübə Kodeksini imzalayıb.
Anthropic bunun üçün iki fərqli texnologiyadan istifadə edir. Claude tərəfindən yaradılan mətnlərə istifadəçinin adi şəkildə görə bilmədiyi xüsusi rəqəmsal işarə görünməz watermark əlavə olunur. Şirkətin məlumatına görə, bu işarə mətnin mənasını və oxunaqlılığını dəyişmir və mətn kopyalanıb başqa yerə yerləşdirildikdə və ya üzərində kiçik dəyişikliklər aparıldıqda belə qala bilir.
Claude tərəfindən yaradılan PNG, JPG və SVG kimi şəkil fayllarına isə C2PA standartına uyğun mənşə məlumatları əlavə edilir. Bu metadata faylın haradan gəldiyini və sonradan onun üzərində dəyişiklik edilib-edilmədiyini müəyyənləşdirməyə kömək edir. Bu sistem Claude tətbiqləri ilə məhdudlaşmır. Anthropic onu Claude API, Claude Code və korporativ məhsullarında da tətbiq edir. Əsas məqam isə odur ki, şirkət bu dəyişikliyi yalnız Avropa istifadəçiləri üçün deyil, qlobal miqyasda həyata keçirir.
Paylaş
