Claude istifadəçiləri üçün Reflect paneli istifadəyə verildi
Süni İntellekt
20.07.2026
Sevinj
Anthropic şirkəti süni intellekt çatbotu Claude üçün istifadəçilərin platformada keçirdiyi vaxtı izləməyə kömək edən yeni Reflect panelini istifadəyə verib. Yeni funksiya istifadəçilərin Claude-dan istifadə vərdişlərini analiz edir, fasilə verməyi xatırladır və daha səmərəli işləmək üçün tövsiyələr təqdim edir. Reflect panelinə daxil olmaq üçün Claude > Settings > Reflect bölməsini açmaq kifayətdir. Burada istifadəçi son 1, 3, 6 və ya 12 ay ərzində Claude ilə necə ünsiyyət qurduğunu əks etdirən hesabat əldə edə bilir. Hazırda paneldə istifadə müddətinin dəqiq statistikası göstərilmir. Anthropic bildirir ki, bu funksiya gələcək yeniləmələrdə əlavə olunacaq.
Panelin əsas imkanlarından biri Break Reminders funksiyasıdır. İstifadəçilər Claude-un müəyyən müddətdən bir, məsələn, hər 15, 30 və ya 45 dəqiqədən, yaxud bir neçə saatdan bir fasilə verməyi xatırlatmasını aktivləşdirə bilirlər. Bundan əlavə, Quiet Hours funksiyası vasitəsilə həftənin hər günü üçün fərqli vaxt aralıqları müəyyən etmək mümkündür. Bu saatlarda Claude-dan istifadəyə məhdudiyyət qoyulur və sistem istifadəçini platformadan uzaq qalmağa təşviq edir.
Reflect panelində yer alan digər maraqlı bölmə isə AI Fluency adlanır. Bu hissədə Claude istifadəçinin vərdişlərini analiz edərək daha məhsuldar işləməsi üçün fərdi tövsiyələr təqdim edir. Məsələn, eyni məlumatları dəfələrlə yazan istifadəçilərə Projects funksiyasından istifadə etməyi məsləhət görür. Bu üsul söhbətlərin kontekstini qorumağa kömək edir və eyni məlumatları təkrar daxil etməyə ehtiyac qalmır.
Paylaş
