Logo
    main-post-cover

    DaVinci Resolve artıq foto redaktəsində Lightroom-a rəqib olur

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Blackmagic Design şirkəti məşhur video montaj proqramı DaVinci Resolve üçün yeni funksiyalar təqdim edib və bu yeniliklər proqramı foto redaktəsi sahəsində də ciddi alternativə çevirə bilər.
        Şirkətin təqdim etdiyi Resolve 21 versiyasında “Photo” adlı yeni bölmə əlavə olunub. Bu bölmə istifadəçilərə RAW formatlı şəkilləri proqram daxilində idxal edib, geniş rəng korreksiyası alətləri ilə işləməyə imkan verir. Beləliklə, proqram artıq təkcə video deyil, foto redaktəsi üçün də istifadə oluna bilər. Yeni sistemdə istifadəçilər şəkilləri layihələrə əlavə edib, onları albomlar üzrə təşkil edə, reytinq və tag-larla idarə edə bilirlər. Bundan əlavə, “AI IntelliSearch” funksiyası sayəsində şəkilləri məzmununa görə tapmaq da mümkündür.
        Rəng tənzimləmələri isə proqramın əsas üstünlüklərindən biri olaraq qalır. İstifadəçilər video üçün istifadə olunan professional color grading alətlərini artıq foto üzərində də tətbiq edə bilirlər. Node-based (düyün əsaslı) sistem sayəsində mürəkkəb effektləri yaratmaq və onları bir neçə şəkilə tətbiq etmək mümkündür. Bundan əlavə, proqramda AI əsaslı effektlər, LUT dəstəyi və “Fusion” bölməsi vasitəsilə daha inkişaf etmiş vizual effektlər yaratmaq imkanı var. Lakin proqram hələ də tam şəkildə Adobe Lightroom və Adobe Photoshop-u əvəz edə bilmir. Xüsusilə, çox şəkilli kompozisiya, ixrac və peşəkar foto idarəetmə imkanları hələ məhduddur.
        Ekspertlərin fikrincə, bu yeniliklər əsasən video ilə məşğul olan, amma eyni zamanda foto redaktəsi də edən istifadəçilər üçün ideal seçimdir. Peşəkar fotoqraflar isə hələlik Lightroom-dan imtina etməkdə çətinlik çəkə bilər.
    Paylaş