
DeepMind şirkəti orta səviyyəli tərtibatçıdan daha yaxşı kod yazan yeni süni zəka sistemini yaradıb
Süni İntellekt
03.02.2022
Emil
Keçən il OpenAI təşkilatı Codex adlı süni zəka sistemini təqdim etmişdi. Sözügedən sistem ingilis dilində olan əmrləri sistem koduna çevirə bilir. Həmin vaxt üçün Codex avtonom proqramlaşdırma üzrə ən innovasiyalı sistem idi. İndi isə Alphabet holdinqinə məxsus olan DeepMind şirkəti Codex-i geridə qoyan yeni süni zəka sistemini yaratdığını elan edib. Şirkətin verdiyi məlumata əsasən onun yaratmış olduğu yeni süni zəka sistemi insanın yerinə proqramlaşdırmanı yerinə yetirməkdən əlavə bunu tərtibatçı ilə eyni rəqabət səviyyəsində reallaşdırır. Şirkətin yaratdığı yeni süni zəka sistemi AlphaCode adını əldə edib və o, tərtibatçıların iştirakı ilə keçirilən yarışlarda istifadə edilən tapşırıqlarda test edilib. Aparılmış testlərin nəticələrinə əsasən məlum olub ki, AlphaCode sistemi verilmiş tapşırıqları ən yaxşı şəkildə yerinə yetirmiş şəxslərin 54%-nə daxil ola bilib.
Bu cür nəticə proqramlaşdırma sahəsində avtonom sistemlərin yaradılmasında böyük addımdır. DeepMind-ın verdiyi məlumata əsasən onun apardığı tədqiqatların hələ ilkin mərhələdə olduqlarına baxmayaraq artıq indidən aydındır ki, sözügedən sistem proqramlaşdırma üzrə olan tapşırıqları avtonom şəkildə yerinə yetirməyə qadirdir. Şirkət əmindir ki, uzunmüddətli perspektivdə bu cür sistem tərtibatçılara kodların yazılmasında kömək edərək şirkət əməkdaşlarının performanslarını yüksəldəcək və proqram təminatının hazırlanması üzrə yeni üsulları təklif edəcək. AlphaCode sistemi Codeforces adlı platformada test edilib. Bu platforma hər həftə proqramlaşdırma üzrə tapşırıqları və tərtibatçıların reytinqlərini təqdim edir.
Platformada təqdim edilən tapşırıqlar tərtibatçının kommerisya məqsədli hansısa məhsulu hazırladığı zaman qarşılaşa biləcəyi tapşırıqlardan fərqlənirlər.
Belə ki, platformada təqdim edilən tapşırıqlar alqoritmlər və informatikanın nəzəri konsepsiyaları ilə bağlı olan geniş bilikləri tələb edirlər. Həmin tapşırıqların yerinə yetirilməsi üçün kombinasiyalı yanaşma lazımdır. Belə ki, tərtibatçı məntiqi, riyaziyyatı və proqramlaşdırmanı bilməlidir. Məsələn təqdim edilmiş tapşırıqlardan birinə əsasən ixtiyari şəkildə təkrarlanan s və t hərflərindən ibarət sətri düymələrə məhdud sayda klikləməklə eyni simvollu digər sətrə çevirmək lazımdır. Bununla belə tərtibatçı bunun üçün köhnə hərflərin yerinə sadəcə olaraq yenilərini çap edə bilməz. Tərtibatçı Backspace düyməsindən istifadə etməli və ilkin sətrdə olan bir neçə hərfi silməlidir. Bu cür tapşırıq orta səviyyəli qəlizliyə aid edilir.
Təqdim edilmiş fotonun sol hissəsində tapşırığın təsviri, sağ hissəsində isə nümunələr əks olunublar:
AlphaCode sistemi buna bənzər 10 ədəd tapşırığı real tərtibatçıların istifadə etdikləri həll üsulları vasitəsilə yerinə yetirməli idi. Nəticədə süni zəka sistemi bir neçə həlli generasiya edib və kodu işə salaraq nəticələri yoxlamaqla həll siyahısındakı lazım olmayanları rədd edib. AlphaCode sisteminə təqdim edilmiş 10 tapşırığı həmçinin Codeforces platformasında 5000 nəfər tərtibatçı da yerinə yetirməyə çalışıb. AlphaCode-un generasiya etdiyi cavablar ən yaxşı cavabların 54.3%-nə daxil olublar. Beləliklə sözügedən süni zəka sistemi Codeforces platformasında son 6 ay ərzində yarışmalarda iştirak etmiş ən yaxşı tərtibatçıların 28%-nə daxil olub. DeepMind qeyd edib ki, AlphaCode sisteminin mövcud imkanları yalnız bu cür platformalarda keçirilən yarışlar üçün nəzərdə tutulub.
Lakin nəzəri cəhətdən bu sistem proqramlaşdırmanı daha əlçatan edəcək yeni alətləri yaratmaq və gələcəkdə proqramlaşdırmanı ümumiyyətlə avtonom rejimə keçirtmək potensialına sahibdir.
Məlumdur ki, bu cür sistemlər üzərində bir çox şirkət çalışır. Son illərdə bu sahədə böyük inkişaf əldə edilib. Lakin buna baxmayaraq sözügedən sistemlər real tərtibatçıları əvəz etməkdən hələ çox uzaqdırlar. Süni zəka tərəfindən generasiya edilən kod çox zaman müxtəlif bug-lara sahib olur. Bu cür sistemlərin açıq şəkildə mövcud olan kitabxanalar vasitəsilə təlimatlandırılmalarını nəzərə alsaq, onlar çox zaman müəllif hüquqları ilə qorunan kodları generasiya edirlər. Bu cür problemlərə əsasən demək olar ki, proqramlaşdırma üzrə olan süni zəka sistemləri real tərtibatçıların işlərinə tədricən inteqrasia ediləcəklər. Başqa sözlə desək, bu cür sistemlər ideal vəziyyətə gəlmək üçün çoxlu sayda təlimatlandırma prosesindən keçməlidirlər. Lakin qeyd etmək lazımdır ki, onlar bu proseslərdən çox sürətlə keçirlər.
Paylaş
Bənzər xəbərlər