Logo
    main-post-cover

    Donald Trump-ın süni intellekt inkişaf planı ekspertlərdə suallar doğurub

         23 iyul tarixində ABŞ prezidenti administrasiyası süni intellekt sənayesinin inkişafı ilə bağlı planı - “Süni İntellekt üzrə Fəaliyyət Planı”nı (AI Action Plan) təqdim etdi. Bu planda bir tərəfdən OpenAI kimi şirkətlər Ağ Evdə keçirilən məsləhətləşmələrdə tələb etdikləri demək olar ki, bütün dəstəyi alırlar. Lakin təşəbbüsün bir çox aspektləri insan hüquqları müdafiəçiləri arasında ciddi narahatlıq doğurur. Xüsusilə, mütəxəssislər planın qeyri-müəyyən ifadələrlə formalaşdırılmasından və bunun hüquqi nəticələrinin əvvəlcədən proqnozlaşdırıla bilməməsindən narazıdırlar. Planın əsas riskli məqamı ondan ibarətdir ki, federal hökumət tərəfindən maliyyələşdirilən layihələr yalnız o halda dəstək alacaq ki, ştat səviyyəsində “çətinləşdirici” qanunvericilik maneələri olmasın. Həmçinin təklif olunur ki, maliyyələşdirilən süni intellekt layihələri həddindən artıq ideoloji yönümlü və ya sosial normaları pozan məzmun daşımamalıdırlar.
         Əvvəllər ABŞ prezidenti Donald Trump, vergi islahatı çərçivəsində ştat səviyyəsində süni intellektin tənzimlənməsinə qarşı onillik qadağa təklif etmişdi, lakin bu təklif Senatda 99-a qarşı 1 səslə rədd edilmişdi. İndi Trump yeni planda təklif edir ki, süni intellekt layihələrinə yalnız o ştatlarda maliyyə ayrılsın ki, onların qanunvericiliyi federal proqramların “səmərəliliyinə mane olmur”. Qalan ştatlar isə belə maliyyədən məhrum ediləcək. Lakin konkret olaraq hansı qanunların nəzərdə tutulduğu açıqlanmır. Demokratiya və Texnologiyalar Mərkəzinin nümayəndəsi Travis Hall bildirib: “Bu, son dərəcə qeyri-müəyyəndir və məncə, bu qəsdən belə hazırlanıb”. Consumer Reports təşkilatı isə AI Action Plan-ın başqa bir probleminə diqqət çəkir: hansı layihələrin “süni intellekt layihəsi” hesab ediləcəyi dəqiq göstərilmir.
         Hazırda neyron şəbəkələr, machine learning və böyük məlumatlar bir çox sahədə - məktəb təhsilindən tutmuş sənayeyə qədər - geniş şəkildə istifadə olunur. Əgər federal hökumət hansısa ştatın qanunlarını “səmərəliliyə maneə” kimi qiymətləndirərsə, bu sahələrin hamısı risk altında qala bilər. AI Action Plan həmçinin ABŞ Federal Rabitə Komissiyasına (FCC) süni intellektin tənzimlənməsinin onun fəaliyyətinə maneə olub-olmadığını müəyyən etmək səlahiyyəti verməyi təklif edir. Tənqidçilərin fikrincə, bu, ABŞ-ın qüvvədə olan qanunvericiliyinə uyğun deyil. “FCC ənənəvi olaraq məxfilik məsələləri və saytlar və sosial şəbəkələrin tənzimlənməsi ilə məşğul olmur” - deyə Amerika Vətəndaş Azadlıqları İttifaqının baş siyasi müşaviri Cody Venzke bildirib.
         Venzke və digər ekspertlər açıq şəkildə bildirirlər ki, AI Action Plan mövcud qanunvericiliyə ziddir və ya ləğv olunmalı, ya da yenidən nəzərdən keçirilməlidir. Böyük ehtimalla bu plan da məhkəmə çəkişmələri ilə üzləşəcək - bu, indiki Ağ Ev rəhbərinin təşəbbüsləri üçün nadir hal deyil. AI Action Plan-ın tam mətnini ingilis dilində Ağ Evin rəsmi saytında tapmaq mümkündür. Sənəddə üç istiqamət üzrə 90-dan çox federal qanun layihəsi və digər təşəbbüs təklif olunur: “İnnovasiyaların sürətləndirilməsi”, “ABŞ süni intellekt infrastrukturunun yaradılması” və “Beynəlxalq diplomatiya və təhlükəsizlikdə liderlik”.
    Paylaş