Donald Trump, Stargate adlı irimiqyaslı süni zəka layihəsini anons edib
ABŞ-ın yeni prezidenti Donald Trump, Stargate adlı süni zəka layihəsini anons edib. Bu, OpenAI, SoftBank və Oracle şirkətlərinin rəhbərlərinin yaradacaqları şirkət olacaq. İlkin mərhələdə Stargate 100 milyard dollar investisiya, yaxın illərdə isə ümumilikdə 500 milyard dollar investisiya əldə edəcək. Trump bunu “tarixin ən böyük süni zəka infrastrukturu layihəsi” adlandırıb. Gözləntilərə əsasən Stargate layihəsi çərçivəsində ABŞ-da 100 000 yeni iş yeri yaradıclacaq.
Layihənin bir hissəsi olacaq data mərkəz isə artıq Texas ştatında inşa edilir. Məlumatda qeyd edilib ki, Stargate növbəti nəsil süni zəkanın çalışmasına istiqamətlənmiş fiziki və virtual infrastrukturun yaradılması ilə məşğul olacaq. Süni zəka sahəsində fəaliyyət göstərən lider şirkətlər daha öncə bu cür mərkəzlərin yaradılmasının vacibliyini qeyd edirdilər. OpenAI şirkətinin CEO-su Sam Altman-ın sözlərinə əsasən Stargate layihəsi sayəsində ABŞ süni zəka yarışında Çindən öndə ola biləcək. Bu həm ölkənin iqtisadiyyatı həm də milli təhlükəsizliyi üçün çox vacibdir.
Məlumatda qeyd edilib ki, SoftBank öz növbəsində layihənin maliyyə işləri, OpenAI isə proqram təminatı işləri ilə məşğul olacaq. Bu iki tərəf Stargate şirkətinin aparıcı təmsilçiləridir və OpenAI faktiki olaraq bu şirkət çərçivəsində süni zəka ilə bağlı bütün layihələrə rəhbərlik edəcək. Görünür, bunun nəticəsində OpenAI ilə Microsoft arasındakı eksklüziv əməkdaşlıq artıq sona çatacaq. Stargate layihəsinin texnoloji partnyorları arasında həmçinin Arm, Microsoft və NVIDIA kimi şirkətlər də var. Artıq inşa edilən data mərkəz də daxil olmaqla ümumilikdə ABŞ üzrə 20 data mərkəzin yaradılması planlaşdırılır.