Logo
    main-post-cover

    Dubayda baş aşpazı süni zəka modeli olacaq restoran fəaliyyət göstərəcək

    Süni İntellekt
    11.07.2025
    Emil
         Dubayda süni zəkanın köməkçi deyil, kulinariya prosesinin tamhüquqlu yaradıcı iştirakçısı kimi çıxış etdiyi dünyanın ilk restoranı ictimaiyyətə təqdim olunmağa hazırlaşır. Woohoo adlı restoranın sentyabr ayında açılması planlaşdırılır və o, şəhərin mərkəzində - Bürc Xəlifə göydələnindən cəmi 300 metr aralıda yerləşəcək. Bu məkan özünü “gələcəkdən gəlmiş bir şam yeməyi” kimi təqdim edir. Müəlliflərin fikrinə görə, menyudan və interyer dizaynından tutmuş xidmət formatınadək hər şey süni intellekt tərəfindən hazırlanacaq. Məqsəd kulinariyaya mühəndislik sahəsi kimi yeni bir baxış təqdim etməkdir. Baş aşpaz Aiman - “AI” (süni zəka) və “man” sözlərinin birləşməsindən yaranmış ad - yemək sahəsində ixtisaslaşmış böyük dil modelidir. Bu model, həm Woohoo restoranının təsisçilərindən biri, həm də Gastronaut şirkətinin baş direktoru olan Ahmet Oytun Cakır-ın rəhbərlik etdiyi komanda tərəfindən hazırlanıb.
         Süni zəka modeli illərlə aparılmış qida texnologiyaları üzrə elmi araşdırmalar, məhsulların molekulyar tərkibi və dünyanın müxtəlif ölkələrinin kulinariya ənənələrindən toplanmış minlərlə resept əsasında öyrədilib. Süni zəka yeməyi dada bilməz, qoxunu hiss edə bilməz və yeməklərlə fiziki şəkildə təmasda ola bilməz. Bunun əvəzinə o, məhsulların xüsusiyyətlərini - turşuluq dərəcəsini, teksturasını və umumi dadını (qlutamat və zülal birləşmələri ilə əlaqələndirilən dad) təhlil edir. Bu məlumatlardan istifadə edərək süni zəka orijinal dad və inqredient birləşmələri yaradır. Daha sonra hazırlanmış prototipləri aşpazlar komandası dadır və onların təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verir. Bu proses məşhur dubaylı şef Reif Othman-ın rəhbərliyi altında həyata keçirilir. Baş aşpaz Aiman müsahibəsində qeyd edib: “Onların mənim təkliflərimə verdikləri reaksiyalar mənə saf məlumatların hüdudlarından kənarda nəyin həqiqətən işlədiyini daha dəqiq anlamağa kömək edir”.
         Aiman restoranlarda tez-tez atılan inqredientlərdən - məsələn, ət kəsim qalıqları və ya yağ kimi məhsullardan - yenidən istifadə olunan reseptlər yaradır. Bu funksiya süni zəka modelinə əvvəldən daxil edilib və məqsədi ərzaq tullantılarını azaltmaqdır ki, bu da ətraf mühitə düşən yükü minimuma endirməyə kömək edir. “İnsan kulinariyası əvəz olunmayacaq, lakin biz inanırıq ki, Aiman ideya və yaradıcılıq səviyyəsini yüksəltməyə imkan verəcək” - deyə Oytun Cakır vurğulayıb. Hazırda tərtibatçılar süni zəka aşpazını dünyanın müxtəlif restoranlarına lisenziya əsasında təqdim etməyi planlaşdırırlar. Gələcəkdə bu süni zəka texnologiyası gündəlik praktikaya - kiçik kafelərdən beynəlxalq şəbəkələrə qədər - daxil ola bilər.
    Paylaş