Logo
    main-post-cover

    Əbu-Dabi AI ilə işləyən ilk "ağıllı hökumət" modelini qurdu

        Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi dövlət xidmətlərinin böyük hissəsini süni intellekt üzərində quraraq dünyada diqqətçəkən yeni idarəetmə modelini tətbiq edir. Qərb ölkələri hələ də süni intellektin tənzimlənməsi ilə bağlı müzakirələr apararkən, Əbu-Dabi artıq AI əsaslı dövlət xidmətlərini milyonlarla vətəndaşın gündəlik həyatına inteqrasiya edib.
    Images from the TAMM app, which translates as: "Consider it done." Courtesy Government Abu Dhabi
        Bu sistemin mərkəzində ərəb dilində "tamamlandı" mənasını verən TAMM adlı vahid dövlət platforması dayanır. Tətbiq vasitəsilə vətəndaşlar şəxsiyyət vəsiqəsini yeniləyə, həkim qəbuluna yazıla, avtomobil qeydiyyatını idarə edə, cərimələrini ödəyə və onlarla digər dövlət xidmətindən istifadə edə bilirlər. Platformanın ən diqqətçəkən xüsusiyyətlərindən biri isə AutoGov funksiyasıdır. Sistem istifadəçinin şəxsiyyət vəsiqəsinin, tibbi sığortasının və ya avtomobil qeydiyyatının bitmə tarixini özü müəyyən edir, lazımi prosedurları avtomatik başladır və bəzi hallarda ödənişləri istifadəçi müraciət etmədən həyata keçirir.
        TAMM-ın baş direktoru Məhəmməd Əl Əskərin sözlərinə görə, platforma vətəndaşı dövlət qurumunun müraciət edən tərəfi deyil, xidmət göstərilən müştəri kimi qəbul edir. Məsələn, istifadəçi küçədə xarab işıq dirəyinin şəklini tətbiqə göndərdikdə sistem müraciəti avtomatik olaraq aidiyyəti quruma yönləndirir və problem həll olunmadan, həmçinin istifadəçi bunu təsdiqləmədən müraciət bağlanmır. BƏƏ bu istiqamətdə addımlarını bir neçə il əvvəl atmağa başlayıb. Ölkə 2017-ci ildə dünyada ilk dəfə süni intellekt naziri təyin edib. 2019-cu ildə isə Əbu-Dabidə yalnız süni intellekt sahəsinə həsr olunmuş ilk magistratura universiteti olan MBZUAI fəaliyyətə başlayıb.
    Paylaş