Elon Musk ilə Sam Altman arasındakı məhkəmədə münsiflər nəyi həll edəcək?
Süni İntellekt
15.05.2026
Sevinj
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, ABŞ-də keçirilən və texnologiya dünyasının ən diqqətçəkən hüquqi proseslərindən biri hesab olunan məhkəmədə doqquz nəfərlik Kaliforniya münsiflər heyəti indi OpenAI-ın gələcəyinə təsir edə biləcək qərar üzərində düşünür. İddianı qaldıran tərəf Elon Musk, qarşı tərəfdə isə OpenAI həmtəsisçiləri Sam Altman və Greg Brockman, eləcə də Microsoft dayanır.
Məhkəmə prosesi OpenAI rəhbərləri arasındakı münasibətlərin pozulmasından tutmuş Altman-ın 2023-cü ildə qısa müddətlik işdən çıxarılıb yenidən geri qaytarılmasına qədər bir çox mövzunu əhatə etsə də, münsiflər əsasən üç əsas suala cavab verəcəklər.
Birinci məsələ “xeyriyyə etimadının pozulması” ilə bağlıdır. Musk iddia edir ki, OpenAI-a etdiyi ianələr yalnız bəşəriyyətin faydasına çalışan qeyri-kommersiya məqsədli süni intellekt layihələri üçün nəzərdə tutulmuşdu. Onun hüquqşünasları bildirirlər ki, OpenAI sonradan bu missiyadan uzaqlaşıb və xüsusilə Microsoft-un 2023-cü ildə etdiyi 10 milyard dollarlıq investisiyadan sonra kommersiya yönümlü şirkətə çevrilib.
İkinci məsələ “haqsız zənginləşmə” iddiasıdır. Musk tərəfi hesab edir ki, onun maliyyə dəstəyi nəticəsində OpenAI rəhbərləri və investorlar milyardlarla dollar dəyərində qazanc əldə ediblər. İddiada deyilir ki, şirkətin kommersiya fəaliyyəti ön plana keçib, qeyri-kommersiya missiyası isə arxa plana atılıb.
Üçüncü məsələ isə Microsoft-un bu prosesdəki roludur. Musk-ın hüquqşünasları iddia edir ki, Microsoft OpenAI ilə əməkdaşlıq zamanı Musk-ın ianələri üçün müəyyən şərtlərin olduğunu bilirdi və şirkətin qərarlarına təsir göstərərək OpenAI-ı ilkin məqsədlərindən uzaqlaşdırdı.
OpenAI isə bütün ittihamları rədd edir. Şirkətin vəkilləri bildirirlər ki, Musk-ın etdiyi bütün ianələr artıq 2020-ci ilə qədər istifadə olunub və həmin vəsaitlər tam şəkildə OpenAI-ın fəaliyyətinə sərf edilib. Onların sözlərinə görə, OpenAI-ın kommersiya bölməsi də təşkilatın əsas missiyasına, süni intellektin insanlıq üçün faydalı şəkildə inkişafına xidmət edir.
Şirkət həmçinin vurğulayır ki, Musk özü də vaxtilə OpenAI daxilində kommersiya strukturu yaratmaq və təşkilatı Tesla ilə birləşdirmək istəyib. Müdafiə tərəfi hesab edir ki, Musk-ın məhkəməyə müraciət etməsinin əsas səbəbi OpenAI-nin ChatGPT ilə böyük uğur qazanmasından sonra rəqabət narahatlığının yaranmasıdır.
Əgər münsiflər Musk-ın xeyrinə qərar versələr, bu, OpenAI-ın mövcud kommersiya strukturunun dəyişməsinə və ya şirkətin gələcək fəaliyyət modelinin yenidən qurulmasına səbəb ola bilər. Bununla bağlı əlavə dinləmələrin gələn həftə keçirilməsi planlaşdırılır.
Paylaş