Elon Musk süni intellekti kosmosa daşıyır
Süni İntellekt
06.02.2026
Ilhama
Technote.az "TechCrunch” platformasına istinadən bildirir ki, Elon Musk süni intellekt üçün orbitdə yerləşən data mərkəzləri ideyasını artıq nəzəriyyə yox, real plan səviyyəsinə çıxarır. Ötən həftə SpaceX ABŞ Federal Rabitə Komissiyasına (FCC) milyonlarla peykdən ibarət orbital hesablama şəbəkəsi ilə bağlı müraciət təqdim edib və bu addım texnologiya dünyasında ciddi müzakirələrə səbəb olub.
Bu planın ciddiliyini göstərən əsas məqamlardan biri də SpaceX ilə Musk-a məxsus süni intellekt şirkəti xAI arasında bu həftə rəsmiləşən birləşmədir. Bu birləşmə kosmos və AI layihələrinin ortaq infrastruktur üzərində qurulacağı ehtimallarını gücləndirir. FCC müraciəti artıq rəsmi ictimai müzakirə mərhələsinə çıxarıb. Qurumun sədri Brendan Carr sənədi açıq şəkildə X platformasında paylaşaraq prosesə xüsusi diqqət çəkib. Bu isə layihənin tənzimləyici baxımdan ciddi maneələrlə üzləşməyəcəyinə dair gözləntiləri artırır.
Musk ideyasını son olaraq Stripe həmtəsisçisi Patrick Collison-un “Cheeky Pint” podkastında geniş şəkildə izah edib. Onun əsas arqumentinə görə, kosmosda yerləşən günəş panelləri Yer üzündəkindən təxminən 5 dəfə çox enerji istehsal edə bilir və bu da AI data mərkəzlərinin əsas xərclərindən biri olan enerjini əhəmiyyətli dərəcədə ucuzlaşdıra bilər. Lakin bu yanaşma hamı tərəfindən birmənalı qarşılanmır. Podkastın digər qonağı Dwarkesh Patel orbitdə sıradan çıxan GPU-ların texniki baxımı və ümumi infrastruktur xərclərinin nəzərə alınmalı olduğunu vurğulayıb.
Buna baxmayaraq, Musk optimist mövqeyini qoruyur və 2028-ci ili dönüş nöqtəsi kimi göstərir. Onun proqnozuna görə, 30–36 ay ərzində süni intellekt üçün ən sərfəli hesablama mühiti Yer yox, kosmos olacaq. Hətta o iddia edir ki, beş il sonra orbitdə işləyən AI gücü Yer üzündəki ümumi hesablama gücünü üstələyəcək.
Paylaş