
Erkən kainatda Süd Yoluna bənzər disk formalı qalaktikaların sayı daha çox imiş
Süni İntellekt
25.09.2023
Emil Nəcəfov
James Webb kosmik teleskopunun istifadəyə verilməsindən öncə hesab edilirdi ki, kainatın 6 milyard ildən az yaşa sahib olan hissəsində bizim Süd Yolu qalaktikamız kimi disk formalı qalaktikaların sayı azdır. Hubble teleskopu vasitəsilə aparılmış müşahidələr məhz bunu göstərirdilər. Lakin James Webb kainatın yarandığı zamandan çox qısa müddət sonra formalaşmış disk formalı qalaktikaları kəşf edərək öz yerinə oturuşmuş daha öncəki fikiri başdan-ayağa dəyişdi. Bu isə öz növbəsində alimləri ulduzların və qalaktikaların təkamül proseslərinə yenidən nəzər yetirməyə məcbur edəcək.
Hubble teleskopu vasitəsilə aparılmış müşahidələrdən fərqli olaraq James Webb-in fəaliyyətinin ilk ili ərzində aparılmış müşahidələr çərçivəsində daha çox disk formalı qalaktika kəşf edilib. Müxtəlifliklərinə baxmayaraq disk formalı qalaktikalar artıq final şəkildə formalaşmış kosmik strukturlardır. Halbu ki, erkən kainatda qalaktikaların tez-tez bir-biriləri ilə toqquşmaları xaosa səbəb olmalı və daha qəribə qalaktik massivləri formalaşdırmalı idilər. James Webb isə öz növbəsində heç gözlənilmədən erkən kainatda xaos əvəzinə çoxlu sayda disk formalı qalaktika kəşf edib.
"Hubble kosmik teleskopu sayəsində biz hesab edirdik ki, disk formalı qalaktikalar kainatın yaşının 6 milyard ildən az olduğu müddətdə mövcud olmurlar. James Webb vasitəsilə aparılmış yeni müşahidələr isə Süd Yoluna bənzər bu cür qalaktikaların formalaşma müddətlərini kainatın mövcud olduğu müddətin demək olar ilkin illərinə itələyir" - Mançester Universitetinin professoru Christopher Conselice qeyd edib. Erkən qalaktikalar barəsində daha çox məlumat ortaya çıxır və James Webb Böyük partlayışdan 3-6 milyard il sonra formalaşmış disk formalı qalaktikaları kəşf etməyi bacarıb. Alimlərin fikirlərinə əsasən bu, kainatda qalaktik strukturların daha öncə düşünüldüyündən daha sürətlə formalaşdıqlarına işarə edən daha bir sübutdur.
Linki kopyala
Həftənin xəbərləri

