Fraimic abunəsiz AI sənət ekranını nümayiş etdirdi
Süni İntellekt
05.01.2026
Sevinc
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, CES sərgisində təqdim olunan Fraimic adlı yeni E Ink ekranı ideyalarınızı süni intellekt vasitəsilə vizual sənət əsərinə çevirən ağıllı çərçivə kimi diqqət çəkir. Bu tip məhsullar bazarda artıq mövcud olsa da, Fraimic bir neçə vacib fərqi ilə rəqiblərindən ayrılır.
Ən önəmli xüsusiyyətlərdən biri odur ki, cihaz heç bir abunə sistemi tələb etmir. İstifadəçi tətbiq yükləmədən, birbaşa daxili mikrofon vasitəsilə ideyasını səsləndirir və Fraimic bu səsi OpenAI texnologiyası üzərindən şəkilə çevirərək bir neçə saniyə ərzində ekranda göstərir. Daxili akselerometr sayəsində cihaz portret və ya landşaft vəziyyətdə olduğunu avtomatik anlayır və görüntünü uyğun formatda təqdim edir. Fraimic alan istifadəçilərə ildə 100 pulsuz AI təsviri təqdim olunur. Daha çox istədikdə isə əlavə paket almaq mümkündür. Süni intellekt tərəfindən yaradılan vizualları bəyənməyənlər üçün alternativ də var. Öz şəkillərinizi şirkətin rəsmi saytı vasitəsilə və ya lokal olaraq cihaza yükləmək mümkündür. Hətta gələcəkdə bu platforma bağlansa belə, cihaz istifadəsiz qalmır.
Cihaz 13 düymlük Spectra 6 E Ink rəngli ekranla təchiz olunub və təxminən 200 DPI görüntü keyfiyyəti təqdim edir. Rənglər çox parlaq olmasa da, yumşaq və estetik görünüş yaradır ki, bu da onu interyer dekorasiyası üçün uyğun edir. E Ink texnologiyası sayəsində enerji yalnız görüntü dəyişərkən sərf olunur və gündə bir dəfə şəkil dəyişdirilsə belə, batareya illərlə işləyə bilir.
Paylaş