Google ailə və dostlar üçün Tabletop planlama platformasını təqdim etdi
Süni İntellekt
11.11.2026
“Google” ailə və dostların ortaq planlarını bir yerdə idarə etməsi üçün “Tabletop” adlı sınaq platforması çıxarıb. Süni intellekt istifadəçinin yazdığı təsvirə əsasən fərdi və ortaq iş məkanı yaradır. Burada səfərləri, tədbirləri, ev işlərini və ortaq xərcləri birlikdə planlamaq olur. Platforma hazırda sınaq mərhələsindədir.
Görünüşünə görə “Tabletop” “Asana” və “Monday” kimi iş idarəetmə xidmətlərini xatırladır. Ancaq bu platforma daha çox şəxsi planların qurulması üçündür. Daxili süni intellekt istifadəçinin istəyinə uyğun alətlər hazırlayır və bunun üçün proqramlaşdırma biliyi lazım deyil. Məsələn, qənaət izləyicisi, ev işləri cədvəli, tədbir planı, şam yeməyi üçün sorğu və turnir cədvəli yaratmaq olar.
İstifadəçi öz məkanına keçidlər, fayllar və fikirlər əlavə edib süni intellektə nə istədiyini yaza bilər. İstəyənlər hazır başlanğıc şablonlarından da yararlana bilərlər. Sistem səfər marşrutu, xərcləri bölüşdürmək üçün alət və ya qrup səsverməsi hazırlayır. Məkan hazır olduqdan sonra dəvət keçidi qrup çatına göndərilir. İştirakçılar “Google Docs”da olduğu kimi eyni vaxtda işləyə bilirlər.
“Tabletop”un beta versiyası gözləmə siyahısına yazılan istifadəçilərə mərhələlərlə açılır. Sınaq hələlik yalnız ABŞ-də yaşayan 18 yaşdan yuxarı şəxslər üçün açıqdır. Qeydiyyatdan keçən kimi platformadan istifadə etmək olmur. Bununla yanaşı, tanıtımda göstərilən bəzi ailə planları uşaqların və yeniyetmələrin də xidmətə qoşulmasını tələb edə bilər. Hazırkı qaydalar isə buna icazə vermir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...