
Google ChatGPT-yə bənzər məhsulunu OpenAI-dan qabaq buraxa bilərmiş
Süni İntellekt
17.07.2025
Emil
Microsoft-un süni zəka bölməsinin rəhbəri Mustafa Suleyman CatGPT podkastında qonaq olub və süni zəkanın inkişafı ilə bağlı müxtəlif mövzulardan danışıb. O, süni zəkanın əmək bazarına təsiri, superzəkanın yaradılması perspektivləri və hətta karyerasında buraxdığı fürsətlər barədə öz baxışlarını bölüşüb. Məlum olub ki, Google ChatGPT-yə bənzər öz məhsulunu OpenAI-dan daha tez təqdim edə bilərdi, lakin bu addımı atmağa cəsarət etməyib. Müsahibədə bir çox maraqlı mövzulardan bəhs olunub. Suleyman Google-da çalışdığı dövrdən danışıb - bu, onun öz startapı olan Inflection AI-ni yaratmazdan əvvəlki mərhələdir. O, Google rəhbərliyinin böyük dil modeli (LLM) olan LaMDA-nın ictimai istifadəyə buraxılması ilə bağlı layihəsini tam reallaşdırmağa imkan vermədiyi üçün şirkətə qarşı məyusluğunu ifadə edib.

“Biz Google-da məyus olduq, çünki LaMDA-nı istifadəyə verə bilmədik. LaMDA, əslində, ChatGPT ortaya çıxmamışdan əvvəlki ChatGPT idi. Bu, tam funksional ilk dialoq əsaslı böyük dil modeli idi və sadəcə inanılmaz dərəcədə təsirli idi. Bilirsiniz, Google-da hər kəs onu gördü və sınadı. Yəqin ki, insanların yarısı sərt skeptik idi və hesab edirdi ki, bu heç vaxt təhlükəsiz olmayacaq. Həmişə ‘halüsinasiyalar’ olacaq. Bu, bizim axtarış biznesimizi sarsıdacaq. Təhlükəsizlik problemləri daim qalacaq” - deyə Suleymanın bildirib. Google-da Mustafa Suleyman həqiqətən də LaMDA adlı dil modelinin yaradılması üzərində işləyib, lakin bu model heç vaxt geniş ictimaiyyətə təqdim olunmayıb. Şirkət rəhbərliyinin təhlükəsizlik və alqoritmin nasaz işləməsi ilə bağlı narahatlıqları layihənin ertələnməsinə səbəb olub.

2022-ci ildə Suleyman Google-dan ayrılıb və süni zəka sahəsində fəaliyyət göstərən Inflection AI şirkətinin həmtəsisçilərindən birinə çevrilib. Bu şirkət 1.5 milyard dollar investisiya cəlb etməyi bacarıb. Eyni zamanda Suleyman qeyd edib ki, Google daxilində digər əməkdaşlar isə böyük həvəs və inamla yanaşırdılar və yaradılan məhsulun böyük potensiala sahib olduğunu düşünürdülər. Bəziləri hətta onun internet axtarışının gələcəyi olduğunu iddia edirdi. Bu gün artıq demək olar ki, bu baxış səhv deyildi. Perplexity-nin Comet brauzeri və OpenAI-nin həlləri kimi müxtəlif şirkətlərin süni zəkaya əsaslanan yeni brauzerləri reallığa çevrilib və sürətlə məşhurlaşır. Müsahibə zamanı Suleyman vurğulayıb ki, Google-dan ayrılmamışdan əvvəl belə, son 10 il ərzində məhz bu cür süni zəkanı yaratmağa çalışırdı.
Paylaş