
Google DeepMind "Minilliyin 7 Problemi"ndən birinin həllinə çox yaxındır
Süni İntellekt
02.07.2025
Emil
Riyaziyyatçı Javier Gomez Serrano Navye-Stoks tənliyini həll etməyə çalışmaq üçün Google DeepMind-ın alimlər komandasında yer alıb. Bu tənlik, Kley Riyaziyyat İnstitutunun həllinə görə şöhrət və 1 milyon dollar mükafat vəd etdiyi "Minilliyin 7 Problemi"ndən biridir. Məlumatlara görə, Google DeepMind komandası artıq 3 ildir ki, bu məsələ üzərində tam məxfi şəkildə çalışır və həllə çox yaxınlaşıb. Bu barədə Braun Universitetində dərs deyən Serrano danışıb. Bu məsələnin həlli, maye və qazların hərəkətinin proqnozlaşdırılmasının vacib olduğu bütün sahələrdə - hava proqnozu, aviasiya, tibb və digər sahələrdə - inqilabi irəliləyiş ola bilər. Məsələ 19-cu əsrin birinci yarısında formalaşdırılıb. Fransız riyaziyyatçı Henri Navier və irlandiyalı George Gabriel Stokes bir-birindən müstəqil şəkildə, özlü (viskoz) Nyuton mayelərinin hərəkətini təsvir edən tənliklər nəşr ediblər.

Bu tənliklər hidrodinamikada mühüm rol oynayır və hava hadisələrinin proqnozlaşdırılması, aviasiya uçuşları və insan orqanizmində qan dövranının modelləşdirilməsi üçün zəruridir. Böyük riyazi zəkalar bu problemi həll etməyə çalışaraq akademik həyatlarının ən yaxşı illərini bu işə həsr ediblər. 2014-cü ildə Kaliforniya Texnologiya İnstitutundan Thomas Hou-nun komandası problemi sadələşdirməklə böyük bir irəliləyiş əldə etdi. Hou-nun qrupu Navye–Stoks tənliklərini deyil, 1752-ci ildə Leonhard Euler tərəfindən təklif olunmuş və özlü olmayan ideal mayelərin hərəkətini təsvir edən daha erkən versiyanı istifadə etdi. Serrano-nun komandası bu həlli dəqiqləşdirmək üçün süni zəka üsullarından istifadə edib. 3 il əvvəl dərc olunmuş nəticələr elmi ictimaiyyət tərəfindən problemin həllinin labüd şəkildə tapılacağına dair bir siqnal kimi qəbul olunub.

“Navye-Stoks məsələsi inanılmaz dərəcədə çətindir. Ənənəvi riyaziyyatla insanlar bu sahədə uğur əldə edə bilməyiblər. Bizim strategiyamızı digərlərindən fərqləndirən süni zəkadan istifadə etməyimizdir. Bu bizim üstünlüyümüzdür və düşünürük ki, bu yanaşma nəticə verə bilər. Mən nikbinəm, irəliləyiş çox sürətlidir” - deyə o, etiraf edir. Onun fikrincə, bu problemin həlli qarşımızdakı 5 il ərzində ortaya çıxa bilər. Serrano-nun fikrincə, dünyada bu sirrin həlli uğrunda ciddi şəkildə yarışan cəmi 3 başqa qrup var: yuxarıda adı çəkilmiş Kaliforniyadan Thomas Hou, misirli Tarek Elgindi ilə italiyalı Federico Pasqualotto-nun ABŞ-da fəaliyyət göstərən tandemi və 10 ildən çox əvvəl Serrano-nun Madrid şəhərindəki Riyaziyyat Elmləri İnstitutunda elmi rəhbəri olmuş ispaniyalı Diego Cordoba-nın başçılıq etdiyi qrup.
Paylaş
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
