Gemini 750 milyon aylıq istifadəçini keçdi
Süni İntellekt
05.02.2026
Ilhama
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Google-un 2025-ci ilin dördüncü rübü üzrə maliyyə hesabatına görə, Gemini tətbiqinin aylıq aktiv istifadəçi sayı 750 milyonu ötüb. Bu göstərici Gemini-nin qısa müddətdə qlobal AI bazarında əsas oyunçulardan birinə çevrildiyini göstərir.
Ötən rübdə Gemini-nin 650 milyon aylıq aktiv istifadəçisi var idi. Yəni cəmi bir rüb ərzində təxminən 100 milyon yeni istifadəçi cəlb olunub. Müqayisə üçün, Meta-nın süni intellekt xidməti Meta AI təxminən 500 milyon aylıq istifadəçiyə sahibdir. Bununla belə, Gemini hələlik əsas rəqibi olan ChatGPT-dən geri qalır. ChatGPT-nin 2025-ci ilin sonlarında aylıq aktiv istifadəçi sayı təxminən 810 milyon idi. Gemini-nin bu artımı yaxın zamanda təqdim olunan Gemini 3 modelinin istifadəyə verilməsi ilə üst-üstə düşür. Google bu modeli indiyədək hazırladığı ən inkişaf etmiş AI modeli kimi təqdim edir və cavabların daha dərin, məntiqli və kontekstual olduğunu bildirir.
Google-un baş icraçı direktoru Sundar Pichai Gemini 3-ün AI rejimində istifadəsinin şirkətin ümumi böyüməsinə ciddi müsbət təsir etdiyini vurğulayıb. Onun sözlərinə görə, davamlı investisiya və məhsulun təkmilləşdirilməsi bu artım tempini qoruyacaq. Şirkət eyni zamanda daha sərfəli qiymətə malik Google AI Plus adlı yeni abunə planını da istifadəyə verib. Aylıq 7.99 dollar olan bu planın, xüsusilə büdcəyə həssas istifadəçilər üçün Gemini-nin daha da geniş yayılmasına töhfə verəcəyi gözlənilir. Lakin bu plan rüblük statistikaya hələ təsir göstərməyib.
Paylaş