Google Gemini ilə dələduzluq edən Çin şəbəkəsini məhkəməyə verdi
Süni İntellekt
12.06.2026
Sevinj
Google Gemini süni intellekt platformasından istifadə edərək genişmiqyaslı dələduzluq həyata keçirməkdə ittiham olunan Çin mənşəli kibercinayətkar şəbəkəyə qarşı məhkəmə iddiası qaldırıb. Şirkət bildirib ki, əməliyyatın qarşısının alınması üçün ABŞ Federal Təhqiqat Bürosu (FBI), həmçinin AT&T, T-Mobile və Verizon kimi mobil operatorlarla birgə əməkdaşlıq edilib.
Google-un iddiasına görə, “Outsider Enterprise” adlı təşkilat Gemini süni intellektindən istifadə etməklə Google, YouTube və ABŞ Poçt Xidməti (USPS), eləcə də New York-un E-ZPass ödəniş sistemi kimi dövlət qurumlarını təqlid edən saxta internet saytları hazırlayıb. Məqsəd isə istifadəçiləri aldadaraq onların şəxsi və maliyyə məlumatlarını ələ keçirmək olub. Şirkətin məlumatına əsasən, sözügedən şəbəkə təxminən 9 min saxta veb-sayt və 1 milyondan çox fırıldaqçı URL yaradıb. Cəmi iki həftə ərzində Android istifadəçiləri tərəfindən 55 min spam SMS qeydə alınıb, əlavə olaraq isə saxta keçidlərdən ibarət 2,5 milyon mesaj aşkarlanıb.
Google bildirir ki, bu əməliyyat yüz minlərlə istifadəçiyə təsir göstərib və ümumi maddi ziyanın milyonlarla dollar olduğu təxmin edilir. Şirkət məhkəmədən şəbəkənin fəaliyyətinin tamamilə dayandırılması üçün məhdudlaşdırıcı qərar çıxarılmasını tələb edir. Bununla yanaşı, Google süni intellekt vasitəsilə həyata keçirilən dələduzluqlara qarşı qanunvericiliyin sərtləşdirilməsini dəstəkləyir. Şirkət hesab edir ki, AI texnologiyalarının inkişafı cinayətkarların fəaliyyətini daha inandırıcı və aşkarlanması çətin hala gətirir. Bu səbəbdən Google ABŞ Konqresində təqdim olunan bir sıra ikipartiyalı qanun layihələrinin qəbuluna çağırış edib.
Paylaş