Google Gemini üçün rəsmi Mac tətbiqini istifadəyə verdi
Süni İntellekt
16.04.2026
Sevinj
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Google süni intellekt köməkçisi Gemini üçün rəsmi Mac tətbiqini istifadəyə verib. Bununla da şirkət bazardakı əsas AI platformaları arasında masaüstü tətbiq təqdim edən son böyük oyunçu oldu. Daha əvvəl həm OpenAI-ın ChatGPT, həm də Anthropic-in Claude üçün Mac tətbiqləri mövcud idi.
Yeni Gemini tətbiqi istifadəçilərə brauzer açmadan birbaşa masaüstündən AI köməkçisinə çıxış imkanı verir. Tətbiq Option + Space klaviatura qısayolu vasitəsilə aktivləşdirilir ki, bu da Gemini-yə daha sürətli çatmağı mümkün edir.
Mac tətbiqinin əsas üstünlüklərindən biri isə Gemini-nin istifadəçinin ekranında olan məlumatları analiz edə bilməsi və lokal faylları oxuya bilməsidir. Bunun üçün istifadəçilər tətbiqə macOS ayarlarından ekran və səs giriş icazəsi verməlidirlər. Google təhlükəsizlik və məxfilik baxımından bu icazələrin yalnız ehtiyac olduqda açıq saxlanmasını tövsiyə edir.
Google bildirib ki, bu yenilik şirkətin masaüstü AI strategiyasının yalnız başlanğıcıdır. Şirkət gələcək aylarda Gemini-ni daha “şəxsi, proaktiv və güclü masaüstü köməkçiyə” çevirmək üçün əlavə yeniliklər təqdim etməyi planlaşdırır.
Paylaş