Google rəhbərindən xəbərdarlıq: İki növ AI startapı bazardan silinə bilər
Süni İntellekt
23.02.2026
Ilhama
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, generativ süni intellekt dalğası son iki ildə saysız-hesabsız startapın yaranmasına səbəb oldu. Lakin indi bazar tədricən formalaşdıqca, əvvəllər populyar sayılan iki biznes modelinin gələcəyi sual altına düşür: LLM “wrapper” startapları və AI aqreqator platformaları.
Google şirkətində Cloud, DeepMind və Alphabet üzrə qlobal startap proqramlarına rəhbərlik edən Darren Mowry bildirib ki, bu tip startapların “mühərrik yoxlama” siqnalı artıq yanır. Onun sözlərinə görə, yalnız mövcud böyük dil modellərinin üzərinə sadə interfeys əlavə etməklə bazarda uzunmüddətli uğur qazanmaq artıq mümkün deyil. LLM “wrapper” startapları mövcud böyük dil modellərini, məsələn, OpenAI tərəfindən yaradılmış GPT modellərini və ya Google DeepMind-in Gemini modelini əsas kimi istifadə edib onların üzərinə məhsul və ya istifadəçi interfeysi qurur. Məsələn, tələbələr üçün dərs oxumağa kömək edən AI tətbiqi bu kateqoriyaya daxil ola bilər.
Mowry bildirir ki, əgər startapın bütün dəyəri arxa plandakı modelə əsaslanırsa və şirkət faktiki olaraq həmin modeli “ağ etiketlə” (white-label) təqdim edirsə, bu artıq bazar üçün kifayət deyil. Onun fikrincə, startaplar ya horizontal, ya da konkret bir vertikal sahəyə xas, güclü və çətin təkrarlanan intellektual üstünlüklərə malik olmalıdır. Məsələn, proqramlaşdırma üçün AI köməkçisi olan Cursor və hüquq sahəsinə fokuslanan Harvey AI kimi layihələr daha dərin sahəvi ixtisaslaşma sayəsində fərqlənə biliblər.
Paylaş